Donald Trampın müşaviri "ExxonMobil"in rəhbərinin ABŞ-ın dövlət katibi təyin edilməsinin mümkünlüyünü şərh edib

Donald Trampın müşaviri "ExxonMobil"in rəhbərinin ABŞ-ın dövlət katibi təyin edilməsinin mümkünlüyünü şərh edib ABŞ yeni seçilmiş prezidenti dövlət katibi seçimində yekun qərarı qəbul etməyə çox yaxın olduğunu bildirib
Digər ölkələr
12 Dekabr , 2016 12:10
Donald Trampın müşaviri ExxonMobilin rəhbərinin ABŞ-ın dövlət katibi təyin edilməsinin mümkünlüyünü şərh edib

Bakı. 12 dekabr. REPORT.AZ/ ABŞ-ın ən böyük neft şirkəti olan "ExxonMobil"in rəhbəri Reks Tillersonun ölkənin dövlət katibi təyinatının mümkünlüyü Rusiya ilə münasibətlərdə gərginliyə son qoya bilər.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın seçki qərargahının müşaviri Karter Peyc bildirib.

Onun fikrincə, R.Tillersonun dövlət katibi vəzifəsinə mümkün təyinatı sayəsində ölkənin xarici siyasəti ciddi şəkildə yaxşılaşa bilər.

Qeyd edək ki, daha əvvəl NBC telekanalı D.Trampın ABŞ dövlət katibi vəzifəsinə ölkənin ən böyük neft şirkəti "ExxonMobil"in rəhbəri Reks Tillersonu seçdiyini xəbər verib. Həmçinin, ABŞ-ın yeni prezidenti dekabrın 11-də "Fox News" telekanalına müsahibəsində R.Tillersonu tərifləyib, lakin onu dövlət katibi təyin edib-etməyəcəyini söyləməkdən boyun qaçırıb. D.Tramp sadəcə, dövlət katibi seçimində yekun qərarı qəbul etməyə çox yaxın olduğunu bildirməklə kifayətlənib.

Əlavə edək ki, ABŞ-ın baş diplomatı vəzifəsinə namizədlər arasında KİV R.Tillersonla yanaşı, prezidentliyə sabiq namizəd Mitt Romni, ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Con Bolton, senator Bob Korker və başqalarının adını qeyd edib. Nyu Yorkun sabiq meri Rudi Culianinin də fəal şəkildə dövlət katibi olmaq uğrunda yarışdığı bildirilsə də, dekabrın 10-da o, D.Trampın administarsiyasında heç bir posta namizəd olmayacağını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi