Brüsseldə Böyük Britaniyanın Aİ-dən çıxması üzrə danışıqlar başlayıb

Brüsseldə Böyük Britaniyanın Aİ-dən çıxması üzrə danışıqlar başlayıb Danışıqların ilk günü tərəflər təşkilati məsələlərə diqqət ayıracaq
Digər ölkələr
19 İyun , 2017 16:31
Brüsseldə Böyük Britaniyanın Aİ-dən çıxması üzrə danışıqlar başlayıb

Bakı. 19 iyun. REPORT.AZ/ Brüsseldə Böyük Britaniyanın Avropa İttifaqından çıxması üzrə danışıqlar başlayıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, danışıqlarda Böyük Britaniyanın Aİ-dən çıxması məsələləri üzrə naziri Devid Devis və Aİ-nin danışıqlar üzrə əsas nümayəndəsi Mişel Barnye iştirak edir.

Danışıqların ilk günündə iştirakçılar təşkilati məsələlərə - neçə müddətdən bir görüşəcəklərinə, danışıqların əsas mövzularının hansı ardıcıllıqla müzakirə olunacağına diqqət ayıracaqlar.

Gələcəkdə avropalı müttəfiqlərimiz və dostlarımız ilə güclü və xüsusi tərəfdaşlıq yaratmaq üçün danışıqlara müsbət və konstruktiv şəkildə başlayırıq", - D.Devis bildirib.

Bəzi hesablamalara görə, "Brexit" 50 milyard funt sterlinqə (57 milyard avrodan çox) başa gələcək.

Qeyd edək ki, Böyük Britaniyanın Avropa İttifaqındakı üzvlüyü ilə bağlı ötən yay keçirilən referendumda "Brexit" tərəfdarları qələbə qazanıb. Bundan sonra Britaniyanın baş naziri postuna Tereza Mey gəlib. O, 2017-ci ilin mart ayında Britaniyanın Aİ-dən çıxış prosesini başlatdığını açıqlayıb.

Lissabon sazişinə əsasən, Britaniyanın Aİ-dən çıxışı proseduruna iki il vaxt verilir, bundan sonra onun ittifaqdakı üzvlüyü avtomatik olaraq dayandırılır. Bu müddət 2019-cu il martın 29-da başa çatacaq, lakin tərəflərin qarşılıqlı razılığı ilə müddət uzadıla bilər.

Lissabon sazişinin 50-ci maddəsinə əsasən, "Brexit"in şərtləri barədə razılıq ixtisaslı çoxluq tərəfindən təsdiq edilməlidir. Başqa sözlə, qərar Aİ əhalisinin 65%-ni əhatə edən, ittifaqın üzvü olaraq qalan ölkələrin 72%-nin razılığı ilə qəbul olunmalıdır. Bundan əlavə, qərar Avropa Parlamentinin deputatları tərəfindən də təsdiq olunmalıdır.

Son xəbərlər

Orphus sistemi