Bakı. 30 iyun. REPORT.AZ/ NATO-nun tələblərinə baxmayaraq, Belçika Krallığı 2016-cı illə müqayisədə 2017-ci ildə dövlət büdcəsində hərbi xərcləri azaldacaq.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, alyans krallıqdan hərbi xərcləri adambaşına düşən gəlirin 2 faizinədək artırmağı tələb edir.
NATO-nun 2010-2017-ci illər üçün açıqlanan göstəricilərinə əsasən, Belçika müdafiə xərclərini adambaşına düşən gəlirin 0,91 faizi qədər maliyyələşdirəcək. 2016-cı ildə bu rəqəm 0,93 faiz olub.
Krallığın hərbi büdcəsi ixtisar edilir. 2010-cu ildə Belçikanın müdafiə xərcləri adambaşına düşən gəlirin 1,08 faizini təşkil edirdisə, 2014-cü ildə bu artıq 0,98 faizədək azaldılıb.
2017-ci ildə 29 dövlətin üzv olduğu NATO-nun məcmu müdafiə büdcəsi 946 milyard dollar təşkil edir. Ancaq bu hesabat ilində ABŞ müdafiə ehtiyaclarına 683,4 milyard dollar xərcləyir.
NATO-nun baş katibi Yens Stoltenberq ötən gün bildirib ki, ardıcıl olaraq üç ildir alyansın xərcləri artır. İlkin hesablamalara görə, 2017-ci ildə xərclərin 4,3 faiz artacağı gözlənilir.