Bakı. 4 sentyabr. REPORT.AZ/ ABŞ-ın vitse-prezidenti Co Bayden, gələn il keçiriləcək prezident seçkilərində iştirak etmək üçün onun kifayət qədər emosional enerjisinin olduğuna əmin deyil.
"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə Bayden Atlantada beynəlxalq siyasətlə bağlı çıxış edərkən bildirib.
72 yaşlı siyasətçi hazırda üçüncü dəfə prezident seçkilərində iştirak edib etməyəcəyini düşünür.
Vitse-prezidentin sözlərinə görə, əgər o, bütün ürəyini və qəlbini prezident seçkilərinə həsr edə bilməyəcəksə, namizədliyini irəli sürmək yersiz olardı.
Hillari Klintonun seçkiqabağı kampaniyası şəxsi e-poçtunun istifadəsi ilə bağlı qalmaqala görə təhlükə altında olduğundan, hazırki vitse-prezidentin seçkilərdə iştirak etməsi çağırışları tez-tez səslənir.
H.Klinton ABŞ-ın dövlət katibi vəzifəsində çalışarkən rəsmi yazışma üçün öz şəxsi serverindən istifadə etdiyi məlum olduqdan sonra, Respublikaçılar Partiyası tərəfindən şiddətli tənqidlərə məruz qalıb.