Yuxarı

Avstriya və Almaniyaya yağan güclü qar 9 nəfərin həyatına son qoyub - YENİLƏNİB-2

Avstriya və Almaniyaya yağan güclü qar 9 nəfərin həyatına son qoyub

Bakı. 8 yanvar. REPORT.AZ/ Avstriya və Almaniyaya yağan güclü qar azı 9 nəfərin ölümünə səbəb olub və qarlı hava şəraitinin həftə ərzində davam edəcəyi gözlənilir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi axşam "Bild" qəzeti yazıb.

Məlumata görə, Avstriyada Hoxkar dağ-xizək kurortu tamamilə təxliyyə edilib. Yerli hakimiyyət orqanları 20 il əvvəl Qaltürdə baş verənlərə bənzəyən güclü qar uçqunu və təbii fəlakətin yenidən təkrarlana biləcəyindən ehtiyatlanır. Həmin zaman - 1999-cu ilin fevralında bütöv bir kommunanın üzərini örtən qar kütlələri 31 nəfərin ölümünə səbəb olmuşdu.

"Bildiyim qədər Hoxkara tarixində indiyə qədər belə bir şey olmayıb", - deyə KİV burqomistr Fridrix Farnberqerin sözlərini sitat gətirib.

Almaniyanın Bavariya federal torpağının Alp dağları ətəyində də vəziyyət bir bu qədər dramatikdir. Buranın Misbah rayonunda fövqəladə vəziyyət rejimi elan olunub. Ekspertlərin proqnozlarına görə, orada bütün həftə boyu bol qar yağacaq. Yağacaq yeni qarın qalınlığı təqribən 2 metrə çatacaq ki, bu da bir neçə binanı uçulma təhlükəsi qarşısında qoyur.


***23:05

Bakı. 7 yanvar. REPORT.AZ/ Son bir neçə gündə Avstriyanın Forarlberq və Zaltsburq federal torpaqlarında bol qar yağması nəticəsində 6 nəfər həyatını itirib, daha 1 nəfər isə Almaniyanın Bavariya federal torpağında pis hava şəraitinin qurbanı olub.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Standard" qəzeti yazıb.

Nəşr qeyd edir ki, 3 nəfər, eləcə də Almaniya və İsveçrə vətəndaşları qarın altında qalıblar və Forarlberq dağ-xizək regionunda ölüblər. Daha 3 nəfər, o cümlədən Sloveniya əsilli şəxs Zaltsburqda ölüb. Eyni zamanda bir nəfər Bavariyada bol qar yağması nəticəsində həyatını itirib.

Hazırda Avstriyanın bəzi bölgələrində, eləcə də Tirol və Forarlberqdə 4-cü dərəcəli qar uçqunu təhlükəsi səviyyəsi qalmaqdadır. Həmçinin qeyd olunur ki, pis hava şəraiti səbəbindən Hoxkar dağ-xizək kurortu işini dayandırıb.


***21:56

Bakı. 7 yanvar. REPORT.AZ/ Avstriyada güclü qar və çovğunlu hava üzündən 3 xizəkçi ölüb, daha 4 nəfər isə itkin düşüb.

“Report” “France24”ə istinadən xəbər verir ki, ölkənin qərbindəki Forarlberq əyalətində iki nəfər almaniyalı xizəkçi qar uçqununa düşüb, bir nəfər sloveniyalı xizəkçi isə Zalsburq yaxınlığında həlak olub, dörd nəfər turist də itkin düşüb.

Ötən həftənin ortalarından etibarən Avstriyanın şimal və orta bölgələrində 1,5 metrədək, Zalsburq ətrafındakı dağlıq bölgədə isə üç metrədək qar yağıb. Ştiriya əyalətində bir dərədəki kəndlərin iki minədək sakini turistlərlə birgə ətrafdan təcrid olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi