Bakı. 8 mart. REPORT.AZ/ Avstraliyanın baş naziri Toni Ebbot, Malaysia Airlines şirkətinə məxsus Boeing 777 təyyarəsinin yoxa çıxmasının ildönümü ərəfəsində bildirib ki, laynerin axtarışı "sonsuza qədər davam edə bilməz".
"Report"-un BBC-yə istinadən verdiyi xəbərə görə, T.Ebbot deyib ki, axtarışlar "əsaslandırılmış ehtimallar mövcud olduğu müddətcə" davam edəcək.
Baş nazirin sözlərinə görə, bu hadisə 21-ci əsrin ən böyük möcüzələrindən biridir.
Xatırladaq ki, göyərtəsində 227 sərnişin və 12 heyət üzvünün olduğu Boeing 777 təyyarəsi 2014-cü il martın 8-nə keçən gecə Kuala-Lumpurdan Pekinə uçarkən radarlardan itib. Bir ildir davam edən axtarışlar hələ ki nəticə verməyib.