Yuxarı

"Microsoft": Avropadakı siyasi araşdırma mərkəzlərinin əməkdaşları kiberhücuma məruz qalıblar

CNN-nin məlumatına görə, kiberhücumun arxasında Strontium kimi də tanınan Fancy Bear haker qrupu dayanır
© Getty

Bakı. 20 fevral. REPORT.AZ/ "Microsoft" şirkəti Avropadakı tanınmış siyasi araşdırma mərkəzlərinin əməkdaşlarına qarşı kiberhücumlar olduğu barədə məlumat verib.

"Report" TASS-a istinadən xəbər verir ki, şirkətin məlumatında "Microsoft" şirkətinin Təhdidlər haqqında Operativ Məlumat Mərkəzi və Rəqəmsal Cinayətkarlıqla Mübarizə İdarəsinin işi çərçivəsində bu yaxınlarda Avropadakı demokratik institutlara qarşı hücumlara cəhd göstərildiyinin aşkarlandığı qeyd olunur.

Məlumata görə, hakerlər ABŞ-da yerləşən, amma, eyni zamanda Avropada fəaliyyət göstərən Almaniyanın Marşall Fondunun, ABŞ-ın Aspen İnstitutunun Avropa şöbəsinin, eləcə də Almaniyanın Xarici Siyasət Cəmiyyətinin əməkdaşlarına məxsus hesabları qırmağa çalışıblar. Ümumilikdə, Belçika, Almaniya, Polşa, Rumıniya, Serbiya və Fransada fəaliyyət göstərən bu təşkilatların işçilərinin 104 akkauntu hücuma məruz qalıb.

Hücumlar 2018-ci ilin sentyabr-dekabr aylarında qeydə alınıb. "Microsoft" ekspertləri bu kiberhücumların qaynağını müəyyənləşdirmək üçün araşdırmalar aparırlar, lakin şirkət hücumun "Strontium" adlı hakerlər qrupu tərəfindən həyata keçirildiyinə əmindir.

CNN telekanalı isə hücuma görə Rusiyanı günahlandırıb. Onların məlumatına görə, kiberhücumun arxasında "Strontium" kimi də tanınan "Fancy Bear" haker qrupu dayanır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi