Almaniyada azərbaycanlıların qaldığı qaçqın yataqxanasında əməliyyat keçirilib

Almaniyada azərbaycanlıların qaldığı qaçqın yataqxanasında əməliyyat keçirilib Almaniyanın Frankfurt şəhərində yerləşən bir qaçqın yataqxanasında polis, bələdiyyə və “Diakonie” təşkilatının əməkdaşlarının birgə iştirakı ilə əməliyyat keçirilib.
Digər ölkələr
29 İyun , 2020 15:47
Almaniyada azərbaycanlıların qaldığı qaçqın yataqxanasında əməliyyat keçirilib
dpa

Almaniyanın Frankfurt şəhərində yerləşən bir qaçqın yataqxanasında polis, bələdiyyə və “Diakonie” təşkilatının əməkdaşlarının birgə iştirakı ilə əməliyyat keçirilib. 

“Report”un Avropa bürosuna həmin yataqxanada qalan Azərbaycan vətəndaşlarından daxil olan məlumatda deyilir ki, polis əməkdaşları və yataqxananın mühafizəçiləri səhər saatlarında otaqlara bir-bir girərək elektriklə işləyən bütün cihazları toplayıblar. Buna səbəb isə yataqxanada ümumi mətbəxlərin olmasına baxmayaraq, sakinlərin əlavə elektrikli sobalardan və suqızdırıcılarından istifadə etməsi olub. Hətta keçən həftə otaqlardan birində qısaqapanma nəticəsində yanğın baş verib.

Bundan sonra yataqxanaya məsul “Diakonie” təşkilatı sakinlərdən əlavə elektrikli avadanlıqları yığıb. Lakin bəzi sakinlər elektrikli soba və suqızdırıcılarını verməkdən imtina ediblər. Ötən gecə də qısaqapanma nəticəsində yataqxananın ümumi elektrik bloku partlayıb və yataqxana səhərə qədər işıqsız qalıb.

Bundan sonra polis və yataqxana mühafizəçiləri məcbur bir-bir otaqlara girərək elektrikli cihazları toplayıblar.

Azərbaycan vətəndaşları bildiriblər ki, yaşadıqları yataqxanada sakinlər arasıda qaşınma xəstəliyi də yayılıb. Artıq sakinlərdən vəziyyəti ağır olanlar xəstəxanaya yerləşdiriliblər. 54 sakində ağır formada qaşınma xəstəliyi qeydə alınıb. Xəstəliyin sürətlə yayılması bələdiyyəni hərəkətə gətirib. Bələdiyyə işçiləri ötən gün yataqxanaya gələrək otaqları dərmanlayıblar.

Soydaşlarımız bildiriblər ki, qaldıqları yataqxanada vəziyyət olduqca ağırdır.

“Heç bir gigiyenik qaydalara əməl edilmir. Otaqlar taxta biti və gənə ilə doludur. Yüksək hərarəti olanlar camaatla birgə yeməkxanada otururlar. Camaat koronavirusa görə test tələb edir. Çünki 3-5 nəfərdə bu virusun əlamətləri var. Belə olan halda da digər sakinlər qorxurlar”, - deyə soydaşlarımız bildiriblər.

İndi yataqxanada yanğın təhlükəsizliyi sistemlərinin qurulması üçün sakinlərin yaxınlıqdakı məktəbin idman zalına köçürülməsi müzakirə edilir.

Son xəbərlər

Orphus sistemi