Almaniya "Patriot" raketlərini və hərbçilərini Türkiyədən çıxarır

Almaniya "Patriot" raketlərini və hərbçilərini Türkiyədən çıxarır Buna səbəb kimi Suriyadan Türkiyəyə qarşı hansısa bir təhlükənin olmadığı göstərilib
Digər ölkələr
15 Avqust , 2015 15:23
Almaniya Patriot raketlərini və hərbçilərini Türkiyədən çıxarır

Bakı. 15 avqust. REPORT.AZ/ Almaniya 2.5 ildir Türkiyənin Kahramanmaraş şəhərində yerləşdirdiyi "Patriot" zenit-raket kompleksini bu ölkədən çıxarmaq qərarına gəlib. "Report" "Hürriyyət" qəzetinə istinadən xəbər verir ki, buna səbəb kimi Suriyadan Türkiyəyə qarşı hansısa bir təhlükənin olmadığı göstərilib. Almaniya Müdafiə Nazirliyi də xəbəri təsdiqləyib. Nazirlik sözçüsü Türkiyənin cənub-şərqində NATO-nun missiyası çərçivəsində xidmət göstərən 250 alman hərbçisinin də növbəti aylarda çıxarılacağını açıqlayıb.

Məlumata görə, avqustun 14-də bəzi hərbi ləvazimatlar təhlükəsizlik tədbirləri altında Almaniyaya çatdırılmaq üçün İsgəndərun limanına aparılıb. Hərbi avadanlıqları daşıyan 17 yük avtomobili İsgəndərundan gəmiylə Almaniyaya göndəriləcək.

Qeyd edək ki, ötən il Hollandiya da Suriyadan Türkiyəyə qarşı hansısa bir təhlükənin olmadığını əsas gətirərək Adanadakı "Patriot" zenit-raket kompleksini bu ölkədən çıxarmış, əvəzində İspaniyadan "Patriot" raketləri gəlmişdi. Almaniyadan sonra ABŞ və İspaniyanın da ilin sonunadək "Patriot" raketlərini Türkiyədən çıxarması gözlənilir.

Xatırladaq ki, Almaniya, ABŞ və Hollandiyaya məxsus "Patriot" raketləri 2013-cü ilin yanvarında NATO missiyası çərçivəsində Türkiyəyə yerləşdirilib. Suriyadan gələn təhdidlərə qarşı Türkiyənin tələbi üzərinə yerləşdirilən "Patriot" raketləri indiyədək istifadə edilməyib.

Son xəbərlər

Orphus sistemi