Yuxarı

Afrika dövlətləri Qambiyaya zərbələr endirməyə başlayıb

Afrika dövlətləri Qambiyaya zərbələr endirməyə başlayıb
Kontingent quru, hava və dəniz qüvvələrindən ibarətdir

Bakı. 20 yanvar. REPORT.AZ/ Seneqal ordusu Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (QADİB) hərbçilərinin Qambiyada "Demokratiyanın bərpası" əməliyyatı çərçivəsində ölkəyə zərbələr endirməyə başlayıblar.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, Seneqal ordusunun nümayəndəsi polkovnik Abdu Ndiaye zərbələr haqqında ətraflı məlumat verməyib.

O bildirib ki, kontingent quru, hava və dəniz qüvvələrindən ibarətdir. 

Bir müddət əvvəl BMT Təhlükəsizlik Şurası Seneqalın Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyinə (QADİB) Qambiyada səlahiyyətlərin yeni prezidentə təhvil verilməsinə əmin olmaq üçün "lazımi tədbirlər görmək" imkanı verməsinə dair təqdim etdiyi qətnaməni qəbul edib. Şuranın 15 üzvünün hamısı sənədi təsdiq edib.

Qambiyanın yeni seçilmiş dövlət başçısı Adama Barrou rəsmi olaraq vəzifəsinin icrasına başlayıb. Onun andiçmə mərasimi Qambiyanın Seneqalın paytaxtı Dakardakı səfirliyində baş tutub. Mərasim zamanı Qambiya ərazisi üzərində Nigeriya Hərbi Hava Qüvvələrinin kəşfiyyat təyyarələri uçuş edib.

Qambiyada siyasi böhran 2016-ci ilin dekabr ayının sonunda ölkə prezidenti Yəhya Cammenin seçkilərin nəticələrini tanımadığını bəyan etməsindən və postunu tərk etmək istəməməsindən sonra başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi