ABŞ və KXDR liderlərinin tarixi görüşü 1,5 saat davam edib - VİDEO - YENİLƏNİB-3

ABŞ və KXDR liderlərinin tarixi görüşü 1,5 saat davam edib - VİDEO - YENİLƏNİB-3 İndi Tramp və Kim Çen In işgüzar naharda iştirak edəcək
Digər ölkələr
12 İyun , 2018 08:35
ABŞ və KXDR liderlərinin tarixi görüşü 1,5 saat davam edib - VİDEO - YENİLƏNİB-3

Bakı. 12 iyun. REPORT.AZ/ ABŞ və KXDR lideri Donald Tramp və Kim Çen In arasında Sinqapurda təkbətək və geniştərkibli formatda keçirilmiş görüş ümumilikdə bir saat yarım davam edib.

“Report” xəbər verir ki, sammitdə Amerika tərəfini ABŞ-ın dövlət katibi Maykl Pompeo, Ağ ev əməkdaşları aparatının rəhbəri Con Kelli, prezidentin mətbuat katibi Sara Sanders, prezident administrasiyasının milli təhlükəsizlik üzrə köməkçisi Con Bolton, Birləşmiş Ştatların Filippindəki səfiri, KXDR üzrə sabiq xüsusi nümayəndə Son Kim və Asiya üzrə Milli Təhlükəsizlik Şurasının böyük direktoru Mett Pottincer iştirak edib.

Zirvə görüşündə Şimali Koreya tərəfini Koreya Əmək Partiyasının Mərkəzi Komitəsinin sədr müavinləri Kim Yon Çxol və Li Su Yon, xarici işlər naziri Li Yon Xo, xalq silahlı qüvvələri naziri No Qvan Çxol, XİN rəhbərinin müavini Soy Son Xi, Kim Çen Inın kiçik bacısı Kim Yo Çjon və Əmək Partiyası Mərkəzi Komitəsinin departament direktoru Xan Kvan San təmsil edib.

İndi iki ölkə liderləri öz nümayəndələri ilə işgüzar naharda iştirak edəcəklər.


***06:10

Bakı. 12 iyun. REPORT.AZ/ Donald Tramp və Kim Çen In arasında geniş formatda görüş başlayıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, iki ölkə lideri Koreya yarımadasının tam nüvəsizləşdirilməsi və sülhün təmin edilməsi, Amerika-Şimali Koreya münasibətlərinin normallaşdırılması məsələlərini müzakirə etmək niyyətindədirlər.


***05:53

Bakı. 12 iyun. REPORT.AZ/ ABŞ və Şimali Koreya liderləri Donald Tramp və Kim Çen In çərşənbə axşamı səhər Sinqapurda geniş tərkibdə sammit öncəsi təkbətək görüşlərini başa çatdırıblar.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, görüş əvvəlcədən protokolda planlaşdırıldığı kimi təqribən 48 dəqiqə davam edib.

Sammit Santosa adasında yerləşən "Capella" mehmanxanasında keçirilir.

***05:05

Bakı. 12 iyun. REPORT.AZ/ Sinqapurun Sentosa adasında yerləşən "Capella" mehmanxanasında ABŞ və Şimali Koreya liderləri Donald Tramp və Kim Çen In arasında tarixi görüş başlayıb.

“Report” xəbər verir ki, danışıqlar 45 dəqiqə davam edəcək.

Ardınca bir saat yarım ərzində geniş tərkibdə danışıqlar aparılacaq. Bu görüş Bakı vaxtı ilə 07:00-da bitəcək. Daha sonra ABŞ və Şimali Koreya liderləri işgüzar nahar edəcəklər.

Üç saatdan sonra, yəni Bakı vaxtı ilə 12.00-da Amerika lideri həmkarı ilə aparılacaq danışıqların yekunlarına dair mətbuat konfransı keçirəcək.

Son xəbərlər

Orphus sistemi