ABŞ-da​ İsrail casusu olan şəxs 30 ildən sonra azadlığa buraxılıb

ABŞ-da​ İsrail casusu olan şəxs 30 ildən sonra azadlığa buraxılıb Binyamin Netanyahu 1997-ci ildə Conatan Pollardın yəhudi dövlətinin casusu olduğunu etiraf edib
Digər ölkələr
20 Noyabr , 2015 17:48
ABŞ-da​ İsrail casusu olan şəxs 30 ildən sonra azadlığa buraxılıb

Bakı. 20 noyabr. REPORT.AZ/ İsrailin xeyrinə casusluq etdiyi üçün 30 il ABŞ həbsxanasında saxlanılan 61 yaşlı Conatan Pollard azadlığa buraxılıb.

"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, bunu keçmiş məhbusun xanımı Ester Pollard yerli mediaya bildirib.

Yəhudi dövlətinin baş naziri Binyamin Netanyahu ABŞ hakimiyyətinin bu addımını alqışladığını vurğulayıb: "Uzun illərdir mən ABŞ prezidentlərindən onun azad edilməsini istəyirdim".

Məlumata görə, Conatan Pollard 1981-ci ildə ABŞ Hərbi Dəniz Qüvvələrinin kəşfiyyat bölməsində analitik işləyib. 1984-cü ildə isə onun "Mossad"a (İsrailin hərbi kəşfiyyatı) işlədiyi aşkarlanıb. 1985-ci ildə ona qarşı cinayət işi açılıb.

Həmin vaxt C.Pollard həyat yoldaşı ilə birlikdə ABŞ-ın İsraildəki səfirliyinə sığınmaq istəsə də, buna nail ola bilməyib. ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları onları İsrail səfirliyinin binası qarşısında həbs ediblər.

1997-ci ildə İsrailin o vaxt da baş naziri olan Binyamin Netanyahu etiraf edib ki, C.Pollard yəhudi dövlətinin casusu olub.

Məhkəmə C.Pollardı ömürlük azadlıqdan məhrum edib. Onun hansı formada azadlığa buraxılması ilə bağlı əlavə məlumat yayılmayıb. 

Son xəbərlər

Orphus sistemi