Zaza Vaşakmadze: "Bu il Gürcüstandakı müsəlman icmasına 2,2 milyon lari ayrılacaq"

Zaza Vaşakmadze: "Bu il Gürcüstandakı müsəlman icmasına 2,2 milyon lari ayrılacaq" Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin 2016-2017-ci illərdə görülən işlər barədə hesabat yığıncağı keçirilib
Din
8 Mart , 2018 12:57
Zaza Vaşakmadze: Bu il Gürcüstandakı müsəlman icmasına  2,2 milyon lari ayrılacaq

Tbilisi. 8 mart. REPORT.AZ/ Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin 2016-2017-ci illərdə görülən işlər barədə hesabat yığıncağı keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, tədbirdə dini icma rəhbərləri, beynəlxalq təşkilatların rəsmiləri və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

Tədbiri Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze açaraq ölkədə dini icmaların fəaliyyətindən danışıb. O, Agentliyin beynəlxalq əlaqələri, ötən illərdə görülən işlər, yeniliklər və qarşıda duran problemlərdən söz açıb, gələcək proqramlarını açıqlayıb, dövlətin din siyasətinin strategiyası və əsas hədəfləri barədə ətraflı məlumat verib. Z.Vaşakmadze həmçinin Gürcüstan hökumətinin ölkədə dini icmaların normal fəaliyyəti üçün tədbirlər gördüyünü, 2018-ci ilin dövlət büdcəsindən ölkədəki dini icmalar üçün 4,5 milyon GEL (təqribən 2 milyon dollar) maliyyə vəsaiti ayrıldığını diqqətə çatdırıb.

Gürcüstan Müsəlmanları İdarəsinin nümayəndəsi çıxışında dövlətin son zamanlar dini zəmində yaranmış problemlərin dialoq çərçivəsində həlli ilə bağlı səylərini təqdirəlayiq hesab edib. O, müsəlman icmasının Gürcüstanda, əsasən, məscid tikintisi ilə bağlı problemlərlə üzləşdiyini bildirib, gələcəkdə dini tədrislə bağlı proqramda, dərsliklərin hazırlanmasında və tədris prosesində dövlətin olduqca diqqətli davranmalı olduğunu söyləyib. 

Digər dini icma nümayəndələri də Dini Məsələlər üzrə Dövlət Agentliyinin fəaliyyətini yüksək qiymətləndiriblər, ölkədə dövlət-din münasibətlərinə aydınlıq gəlməsi üçün olduqca mühüm amil olan din haqqında qanunun qəbul olunmasının əhəmiyyətini vurğulayıblar.

Z.Vaşakmadze “Report”un Gürcüstan bürosuna açıqlamasında deyib ki, müsəlman icması böyüklüyünə görə ölkədə ikincidir: "Müsəlmanlar sayca çox olsalar da, çox sülhsevər və xeyirxah əməlləri ilə fərqlənirlər. Bu, Gürcüstan dövləti tərəfindən də yüksək qiymətləndirilir". 

O, dövlət büdcəsindən 2018-ci ildə dini icmalar üçün ayrılmış 4,5 milyon GEL vəsaitin 2,2 milyonunun Gürcüstandakı müsəlman icması üçün nəzərdə tutulduğunu bildirib və il ərzində bu vəsaitin həcminin artacağını istisna etməyib.

Son xəbərlər

Orphus sistemi