Strasburqda dinlərarası dialoqa həsr edilmiş konfrans keçirilir

Strasburqda dinlərarası dialoqa həsr edilmiş konfrans keçirilir Avropa İttifaqının üç paytaxtından biri olan Strasburq şəhərində İtaliyanın Avropa Şurası Nazirlər Kabinetinə sədrliyi çərçivəsində dinlərarası dialoqa həsr edilmiş “Din və sülh, din və insan hüquqları üzrə dinlərarası dialoq” adlı konfrans keçirilir.
Din
143
2 May , 2022 12:02
Strasburqda dinlərarası dialoqa həsr edilmiş konfrans keçirilir

Avropa İttifaqının üç paytaxtından biri olan Strasburq şəhərində İtaliyanın Avropa Şurası Nazirlər Kabinetinə sədrliyi çərçivəsində dinlərarası dialoqa həsr edilmiş “Din və sülh, din və insan hüquqları üzrə dinlərarası dialoq” adlı konfrans keçirilir.

"Report" xəbər verir ki, tolerantlıq məkanı kimi tanınmış Azərbaycan konfransda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur. Avropa Şurası Nazirlər Komitəsinə İtaliyanın sədrliyi çərçivəsində təşkil edilmiş və Avropa Şurası Baş katibinin müavini Byorn Berjenin moderatorluğu ilə keçirilən konfransda Avropa Şurasına üzv dövlətlərin dini rəhbərləri, eləcə də bir çox Avropa universitetlərinin din azadlığı üzrə professorları iştirak edirlər.

Tədbirdə əvvəlcə birgə foto çəkdirilib.

Konfransda Avropa Şurası çərçivəsində dinlərarası dialoqun Strasburq Prinsipləri ətrafında müzakirələr aparılacaq, dini rəhbərlərin fikirləri dinləniləcək.

Strasburq Prinsiplərində qeyd edilir ki, dinlər insanların dini təmayülündən asılı olmayaraq, onların kimliyinin tərkib hissəsi kimi mühüm rol oynayır. Hər bir demokratik cəmiyyətin əsasında fikir, vicdan və din azadlığına hörmət durur. Din və etiqad azadlığı insan hüquqlarının təməl daşlarından biridir. Müvafiq qanunlar və onların səmərəli icrası və onlara riayət olunması dinindən və etiqadından asılı olmayaraq, insanlara qarşı ayrı-seçkilik etmədən birlikdə dinc yanaşı yaşamaq üçün vacib amildir. Avropa İnsan Hüquqları Konvensiyasının 9-cu maddəsində təsbit edildiyi kimi fikir, vicdan və din azadlığı dindarlar, eləcə də dini mənsubiyyəti və dinə aidiyyatı olmayanlar üçün də əsas hüquqdur. Bu gün Avropada dini mənzərə sürətlə inkişaf edərək, dinlərarası və dinlərdaxili müxtəliflik məkanını daha da genişləndirir. Dinlərarası və mədəniyyətlərarası dialoq Avropa cəmiyyətində qarşılıqlı anlaşma, hörmət və əməkdaşlığı gücləndirməyə töhfə verir. Dini liderlər və dindarlar arasında insan ləyaqətinə, insan hüquqlarına və əsas azadlıqlara, demokratik prinsiplərə və qanunun aliliyinə hörmətə əsaslanan dinlərarası dialoq ayrı-seçkiliyə qarşı mübarizəni, qarşılıqlı hörmət, barışıq və sülhü təşviq etmək üçün zərurətdir.

Dini radikalizm və ekstremizm dinin düzgün başa düşülməsinə və tətbiq edilməsinə ziddir. Dini radikalizm və ekstremizm dindən gizli məqsədlər daşıyır, zorakılıq və münaqişələrə təhrik etmək üçün vasitəçilik edir. Belə zorakılıq bütün cəmiyyətə təsir edir. Belə zorakılığı pisləyərkən, din adına törədildikdə ona qarşı mübarizə apararkən, dini icmanın bütün üzvlərinin stiqmatiz edilməsinə yol verilməməlidir.

Fikir və söz azadlığına hər zaman başqalarına və ictimai asayişə hörmətlə yanaşaraq, dinin müəyyən aspektlərinə tənqidi yanaşmaq hüququ daxildir. Dövlət müxtəlif dinlər, konfessiyalar və etiqadlarla münasibətlərdə tənzimləmə səlahiyyətlərini həyata keçirərkən dini və ya konfessiya xarakterli mübahisələrdə iştirakdan çəkinərək, neytrallığı və qərəzsizliyi qorumağa borcludur. Dini konfliktlərlə qarşılaşdıqda siyasi hakimiyyətin rolu qanuna uyğun həll yolları axtarmaq, dini icmaları qanuna və bir-birinə hörmət etməyə çağırmaqdır.

2000-ci ildən Avropa Şurası Avropa cəmiyyətlərində qarşılıqlı hörməti, sülhü daha çox inkişaf etdirmək məqsədilə dinlərarası dialoqun asanlaşdırılmasında fəal iştirak edir. Bu təcrübəyə əsaslanaraq, konfrans gələcək fəaliyyətləri istiqamətləndirməyə töhfə verməsi mümkündür.

Xatırladaq ki, mədəniyyətlər və dinlər arasında dialoq sahəsində daha konkret fəaliyyətlərə başlamaq məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülmüş “Bakı Prosesi” bütün dünyada mühüm platformaya çevrilib. Əsas məqsədi mədəniyyətlər və dinlərarası dialoqu təşviq etmək olan, müntəzəm olaraq dünya ölkələrinin siyasi və dini liderlərinin bir araya gətirən “Bakı Prosesi” 2010-cu ildə regional təşəbbüsdən qlobal təşəbbüsə çevrilib. Azərbaycanın dinlərarası dialoq sahəsindəki təcrübəsi bütün dünya ölkələri üçün nümunədir.

Son xəbərlər

Orphus sistemi