​Sabunçuda "Dini radikalizm və onun təzahür formaları" mövzusunda seminar keçirilib

​Sabunçuda "Dini radikalizm və onun təzahür formaları" mövzusunda seminar keçirilib DQİDK: "Müasir dövrümüzdə dini radikalizm dünya miqyasında narahatçılığa səbəb olan problemlərdən biridir"
Din
23 İyun , 2016 19:02
​Sabunçuda Dini radikalizm və onun təzahür formaları mövzusunda seminar keçirilib

Bakı. 23 iyun. REPORT.AZ/ Sabunçuda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə «Dini radikalizm və onun təzahür formaları» mövzusunda seminar keçirilib.

Bu barədə "Report"a DQİDK-nin mətbuat xidmətindən bildirilib.

Tədbirdə Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Abdulla Əfəndiyev, Bakı Şəhər Gənclər və idman baş idarəsinin rəis müavini Aydın Yusifov, Baş idarənin və Sabunçu rayon Gənclər və İdman Idarəsinin əməkdaşları, rayonun fəal gəncləri iştirak ediblər.

R.Əsgərov deyib ki, müasir dövrümüzdə dini radikalizm dünya miqyasında narahatçılığa səbəb olan problemlərdən biridir. Onun sözlərinə görə, cəmiyyəti maraqlandıran məsələ odur ki, dini radikalizm nə üçün yaranır, yəni hansı şərait, hansı səbəblər onu meydana gətirir.

A.Əfəndiyev çıxışında gənclərin dini radikalizm kimi sosial bəladan uzaqlaşdırılması məsələsinə toxunub. O qeyd edib ki, müasir dövrdə bu sahədə ən prioritet məsələlərdən biri də gənclərin bu sosial bəladan uzaqlaşdırılmasıdır. Gənclərin dini sahədə intellektual səviyyəsi və mövcud situasiyanı düzgün qiymətləndirmək qabiliyyətləri yetərincə yüksək olmadığından onlar radikal meyilli qüvvələrin qurbanına çevrilə bilirlər.

Tədbir Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən birgə təsdiq olunmuş tədbirlər planına əsasən keçirilib.

Son xəbərlər

Orphus sistemi