QMİ Ermənistanın "Göy məscid"i İrana icarəyə verməsinə münasibət bildirib

QMİ Ermənistanın "Göy məscid"i İrana icarəyə verməsinə münasibət bildirib Sabir Həsənli: "Ermənistanın azərbaycanlılara məxsus məscidi icarəyə verməyə ixtiyarı yoxdur"
Din
10 Dekabr , 2015 16:06
QMİ Ermənistanın Göy məscidi İrana icarəyə verməsinə münasibət bildirib

Bakı. 10 dekabr. REPORT.AZ/ "Ermənistanın azərbaycanlılara məxsus dini abidələri dağıtmağa, başqa ölkəyə qeyri-məqsəd üçün icarəyə verməyə ixtiyarı yoxdur".

Bunu "Report"a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini, Bakı İslam Universitetinin rektoru Sabir Həsənli İrəvanda azərbaycanlılara məxsus "Göy məscid"in İrana icarəyə verilməsinə münasibət bildirərkən deyib.

O bildirib ki, Azərbaycan ərazisində olan başqa xalqlara məxsus dini və mədəni abidələrin qorunmasına çox böyük hörmətlə yanaşır: "Onların nəinki qorunmasına, hətta təmirinə böyük diqqət göstərir. Bakıda Mərkəzi Univermağın yaxınlığında yerləşən paytaxtda yaşamış erməni icmasına məxsus Müqəddəs Maarifçi Qriqori Kilsəsi Azərbaycan dövləti tərəfindən təmir olundu. Erməni katolikosu Bakıya gələndə kilsədə oldu və gördüyü mənzərə çox xoşuna gəldi"

S.Həsənli vurğulayıb ki, erməni kilsəsi Azərbaycan dövlətinin mühafizəsi altındadır. O bildirib ki, Azərbaycan ərazisində kilsələr, sinaqoqlar var və Azərbaycan dövləti onların qorunması, təmiri istiqamətində işlər həyata keçirir: "Qafqaz Müəslmanları İdarəsi də bu istiqamətdə əlindən gələni edir".

Qeyd edək ki, 1766-cı ildə İrəvan xanı Hüseyn Əli xan Qacarın əmri ilə tikilən "Göy məscid" İrəvan məscidləri arasında ölçüsünə görə ən böyüyüdür.

Ermənistan hakimiyyəti İrəvanda azərbaycanlılara məxsus qədim "Göy məscid"i 99 illiyə İrana icarəyə verib. Məscid İranın mədəniyyət mərkəzi kimi fəaliyyət göstərəcək.

Son xəbərlər

Orphus sistemi