QMİ-də ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib

QMİ-də ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib Bakı. 11 dekabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsində (QMİ) ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib.
Din
923
11 Dekabr , 2018 11:44
QMİ-də ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib
Report/ Elchin Murad

Bakı. 11 dekabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsində (QMİ) ulu öndər Heydər Əliyevin anım günü əlaqədar tədbir keçirilib.

"Report" xəbər verir ki, QMİ-nin sədri şeyxülislam Allahşükür Paşazadə çıxışında ümummilli liderlə bağlı xatirələrini bölüşüb.O bildirib ki, ulu öndər Heydər Əliyev gözəl mənəviyyat sahibi idi: "Sovet dövründə hökumətə rəhbərlik etmək və imanını qoruyub saxlamaq hər kəsə nəsib olmurdu. Onun dinə olan xoş münasibətini hər zaman hiss etmişəm. Ulu öndər çətin vaxtlarda xalqımızın istəyi ilə ikinci dəfə hakimiyyətə gəldi. Təzə pir məscidində xalqa müraciət etdi ki, Allah yolunda bir olaq".

A.Paşazadə deyib ki, ümummilli lider Heydər Əliyev hər zaman xalqa bağlılığını sübut edib: "Ulu öndərin həyat yoldaşı Zərifə xanım Əliyevanın Bakıda dəfn olunması buna bariz nümunədir. O, Azərbaycanın müstəqilliyinin bünövrəsini qoydu və müstəqilliyin əbədi olmasının sevincini bizə yaşatdı".

QMİ sədri əlavə edib ki, Prezident İlham Əliyev dahi şəxsiyyət Heydər Əliyevin siyasi məktəbini keçib: "Bəzən elə düşünürlər ki, prezident seçilmək hələ lider olmaq deyil. Ancaq Prezident İlham Əliyev Azərbaycan xalqının lideridir və hər yerdə sözünün təsiri var. Bu da müstəqillik məktəbinin bəhrəsidir. Ümummilli lider hər zaman deyirdi ki, mən Allah adamıyam və dinə inancı böyük idi".

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə vurğulayıb ki, ulu öndər Heydər Əliyevin vəfatı hər kəsi çox sarsıtmışdı: "O, bu gün ruhən Azərbaycan xalqının yanındadır. Ulu öndərin irsi, həyata keçirdiyi siyasət bu gün də layiqincə davam etdirilir. Onun irsi içərisində mənəviyyat ən böyük məfhumdur. Azərbaycan xalqının mənəvi dəyərlərində İslami dəyərlər xüsusi yer tutur. Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrdə həyata keçirilən siyasətdə bu dəyərlərə yüksək qiymət verilib".

Dövlət Komitəsinin sədri deyib ki, ümummilli liderin hakimiyyətə ikinci gəlişindən sonra iqtisadi çətinliklərə baxmayaraq bir neçə məscidin təmir edilməsi, dini ayinlərdə iştirakı təqdirə layiq hal idi: "Heydər Əliyev hər zaman dini qaydalara ciddi əməl edirdi və bunu da hər kəsə nümunə kimi göstərirdi".

Daha sonra tədbirdə çıxış edənlər ümummilli liderlə bağlı xatirələrini bölüşüblər. 

Son xəbərlər

Orphus sistemi