Qafqaz Müsəlmanları İdarəsinin kitabxanasından - FOTOREPORTAJ

Qafqaz Müsəlmanları İdarəsinin kitabxanasından - FOTOREPORTAJ Kitabxanada yaşı 500 ildən çox kitablar da var
Din
9 Dekabr , 2016 14:12
Qafqaz Müsəlmanları İdarəsinin kitabxanasından - FOTOREPORTAJ

Bakı. 9 dekabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) zəngin və maraqlı kitabxanasının olması haqqında qiyabi şəkildə eşitmişdik. Nəhayət, "Report" olaraq həmin kitabxana ilə əyani şəkildə tanış olmaq imkanı əldə etdik. 

Şərq üslubunda inşa edilmiş kitabxana

Əsərlərlə zəngin bu mərkəzə daxil olanda onun digərlərindən fərqini görmək mümkündür. Qapıdan içəri girəndə sanki müasir dünyadan ayrılıb keçmişə səyahət edirsən. Şərq memarlıq üslubunda inşa edilmiş bina isə insanın zövqünü oxşayır. Kitabxana demək olar müasir texniki standartlara uyğun təchiz edilib. Kitabxananın əməkdaşları deyirlər ki, bura Qafqaz Müsalmanları İdarəsi, eləcə də müxtəlif elm və təhsil müəssisələrinin əməkdaşlarının elmi-mədəni, intellektual və mənəvi mərkəzi olmaqla yanaşı, xarici ölkələrdən rəsmi səfərlərə gələn qonaqların da ziyarət etdiyi əsas məkanlardan biridir.

Kitabxananın ictimai-siyasi xadimlərin ürək sözlərini yazdığı xatirə kitabına baxırıq. Burada Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyənin 11-ci prezidenti Abdulla Gül, eləcə də bir sıra dövlət və hökumət başçıları, həmçinin digər vəzifəli şəxslərin imzasını görmək mümkündür.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2009-cu ildə "Təzəpir" məscidi əsaslı şəkildə təmir olunaraq dindarların istifadəsinə verilib. Elə həmin vaxt QMİ-nin inzibati binasında geniş və müasir tələblərə cavab verən kitabxana təşkil edilib və 2009-cu ildən başlayaraq mərkəz minlərlə oxucu qəbul edib. Kitabxana xarici ölkələrdə nəşr olunmuş "Qurani Kərim", təfsir, hədis, elmi-dini, bədii, astronomiya, tarix, coğrafiya, filologiya sahələrini əhatə edən kitablarla zəngindir.

Məhv olmaqdan xilas edilən kitablar

QMİ-nin əməkdaşı Rüxsarə Quliyeva kitabxananın tarixi haqqında qısaca məlumat verdi. Onun sözlərinə görə, 1918-ci ilin dekabrında Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi Tiflisdən Bakıya köçürülüb: "1823-cü ildən 1918-ci ilə qədər Tiflisdə fəaliyyət göstərən İdarə Bakıya köçərkən öz arxiv və kitabxanasını gətirməyə imkan tapmayıb. Çünki 1920-ci ilin aprelində XI Qızıl Ordu Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə son qoyub. 1920-ci ilin mayında bolşevik hökuməti Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin fəaliyyətinə qadağa qoyub. Bundan sonra dini ədəbiyyatın kütləvi şəkildə məhv edilməsinə başlanılıb. 1944-cü ildə Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi yenidən fəaliyyətə başlasa da, 1980-ci illərə qədər öz kitabxanasını yarada bilmir. 1980-ci illərin ortalarından başlayaraq Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsi bütün maneələrə baxmayaraq, fəaliyyətini xeyli genişləndirə bilir, İdarə rəhbərliyi mövcud kitabları bir yerə toplamaq üçün ilk cəhdləri göstərir".

SSRİ dövründə "Qurani-Kərim"i açıq şəkildə saxlamaq qadağan olsa da, rəhbərlik müqəddəs kitabların toplanması istiqamətində gizli fəaliyyətə başlayır. Belə ki, İdarə rəhbərliyi Qafqazda ayrı-ayrı adamlarda saxlanılan dini kitabları onlardan toplayır. R.Quliyeva deyir ki, Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin kitabların toplanmasında böyük əməyi olub: "Burada "Qurani Kərim" və digər elm sahələrinə aid əlyazmalar da var. Kitabxanada tarixi 500 ildən çox, yəni Şah İsmayıl Xətai dövrünə aid kitab da var. Hətta mərkəzdə dünyanın heç bir kitabxanasında mövcud olmayan və ya cəmi iki-üç nüsxəsindən birinin oduğu kitablar da var. Kitabxanada əsasən XVII əsrin sonu XVIII əsrin əvvəllərinə dair çox qiymətli əlyazmalar saxlanılır. Kitabxana fondunda daşbasma, qurğuşuntökmə üsulu ilə çap olunmuş və əlyazma şəklində olan 7300 qədim kitab mühafizə olunur. Hazırda mərkəzdə Azərbaycan, türk, ərəb, fars, ingilis və başqa dillərdə çap olunan 10 min nüsxə kitab saxlanılır. Kitabxanada həmçinin gözdən əlillər üçün kitab fondu təşkil olunub". 

Yararsız vəziyyətə düşən qədim kitablar bərpa edilir

Kitabxanaya gətirilən bir sıra kitablar köhnəlmiş vəziyyətdə olduğundan bərpa edilir. Bu işi Türkiyədə xüsusi təcrübə əldə edən mərkəzin əməkdaşları ən qədim kitabları həyata keçirirlər. 

QMİ-nin əməkdaşı, bərpaçı Qədir Məmmədov bildirdi ki, restavrasiyaya ehtiyacı olan kitablar kompyuterdən keçirilir, səhifələnir və daha sonra bərpa olunur: "Bəzi kitabların bərpası 1 il, bəzilərinki 5-6 ay davam edir. Sovetlər dövründə dini kitablar, "Qurani Kərim" dövlət tərəfindən əhalinin əlindən alınıb yandırılmasın deyə həmin kitablar ya torpağa basdırılıb, ya da müxtəlif yerlərdə gizlədilərək saxlanılıb. Ona görə də kitablar pis vəziyyətə düşüb. Bu kitablar arasında əhalidən gələn kitablar çoxdur".

Kitabxana İnternetlə də tam təchiz edilib. Burada elmi-dini verilişlərin çəkilişi üçün mini studiya da fəaliyyət göstərir.

Hazırda kitabxanada elektron kataloqun tərtibi, oxucuların qeydiyyatı, kitab fondunun komplektləşdirilməsi və s. işlər aparılır.

Son xəbərlər

Orphus sistemi