Ötən il Azərbaycanda dövlət qeydiyyatına alınan dini icmaların sayı açıqlanıb

Ötən il Azərbaycanda dövlət qeydiyyatına alınan dini icmaların sayı açıqlanıb Ölkədə 5 xristian, 6 yəhudi, 2 bəhai və 1 krişna şüuru dini icması var
Din
29 Yanvar , 2016 17:54
Ötən il Azərbaycanda dövlət qeydiyyatına alınan dini icmaların sayı açıqlanıb

Bakı. 29 yanvar. REPORT.AZ/ "Ötən il Azərbaycanda 52 dini icma dövlət qeydiyyatına alınıb. Onlardan 49-u İslam, 3-ü qeyri-islam təmayüllü dini icmadır".

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan genişləndirilmiş iclasında komitə sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, qeydiyyata alınan dini qurumların ümumi sayı 644-ə çatıb. İndiyədək dövlət qeydiyyatından keçən dini qurumlardan 620-si İslam, 24-ü qeyri-islam təmayüllüdür: "Sonunculardan 15-i xristian, 6-sı yəhudi, 2-si bəhai və 1-i krişna şüuru dini icmasıdır".

Komitə sədri həmçinin Azərbaycanda tolerantlıq ənənələri, dözümlülük, dinc birgəyaşayış mədəniyyətinin beynəlxalq aləmdə təbliği, eləcə də dini ekstremizm və terrorizm kimi bəşəriyyəti narahat edən problemlərdən birgə çıxış yolları axtarmaq məqsədilə keçirilən beynəlxalq tədbirlər barədə söhbət açıb.

Azərbaycanın millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev yığıncaqda çıxış edərək ölkədəki dini vəziyyət, dini maarifləndirmə işləri barədə danışıb. Dövlət müşaviri "Multikulturalizm ili" çərçivəsində bir sıra tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb. 

Azərbaycanda bütün dinlərin və millətlərin nümayəndələrinin mehriban, sərbəst şəkildə yaşadıqlarını vurğulayan Kamal Abdullayev ölkədə multikulturalizm ənənələrinin dərin köklərə malik olduğunu bildirib. O, multikultural dəyərlərin təbliğində və inkişafında Heydər məscidi kompleksinin rolunu vurğulayıb: "Bu məscid getdikcə yalnız dini deyil, ictimai-mədəni mərkəz kimi də əhəmiyyət qazanır. Ölkədə tolerantlıq mühitini daha da genişləndirmək üçün məsciddə müxtəlif kursların, kitab sərgilərinin keçirilməsi, bölgələrimizdə din xadimlərinin görüşlərinin təşkil olunması nəzərdə tutulur".

Dövlət müşaviri Azərbaycanda dövlət-din münasibətlərinin sağlam təməl üzərində formalaşdığını və inkişaf etdiyini bildirib: "Milli-mənəvi dəyərlərin inkişafına dövlət tərəfindən hərtərəfli diqqət və qayğı göstərilir. Azərbaycan multikulturalizminə olan maraq respublikanın dünyada tarixi örnək dəyərlərə malik ölkə kimi tanıdılmasının nəticəsidir".

Son xəbərlər

Orphus sistemi