Gündüz İsmayılov: "Bəzi dini qruplar dini məqsədli şəkildə azərbaycançılığa qarşı qoyurlar"

Gündüz İsmayılov: "Bəzi dini qruplar dini məqsədli şəkildə azərbaycançılığa qarşı qoyurlar" "Din pərdəsi adı altında əsla qadınların hüquqlarının məhdudlaşdırılmasına yol verilməməlidir"
Din
10 Noyabr , 2017 13:21
Gündüz İsmayılov: Bəzi dini qruplar dini məqsədli şəkildə azərbaycançılığa qarşı qoyurlar
Report

Bakı. 10 noyabr. REPORT.AZ/ "Biz ideoloji təhlükəsizlik baxımından bir sıra problemlərlə üzləşirik. Əsas problemimiz dini kimliyimizin milli kimliyimizə qarşı qoyulmasıdır".

"Report" xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

Onun sözlərinə görə, bəzi dini qruplar dini məqsədli şəkildə azərbaycançılığa qarşı qoyurlar: "Bəzi dırnaqarası dindarlar "20 Yanvar", Xocalı soyqırımında ölənlər şəhid saymır, 28 May - Respublika Gününü, 26 İyun - Silahlı Qüvvələri Gününü, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü qəbul etmirlər. Əgər bir azərbaycanlı bunu qəbul etməyib cibində bu ölkənin vətəndaşlıq pasportunu daşıyırsa, belə şəxsin bizim üçün bir ingilislə fərqi varmı?! Onların məqsədi nədir ki, azərbaycançılığı bu şəkildə zəiflətməyə çalışırlar?".

G.İsmayılov bildirib ki, ideoloji təhlükəsizlik baxımından ikinci əsas problem dindarların öz kontingentləri daxilində dünyəviliyi zəiflətməyə çalışmalarıdır: "Onlar deyirlər ki, Azərbaycan şəriət qanunları ilə idarə edilməlidir. Ancaq unudulmamalıdır ki, Azərbaycan İslam yox, dünyəvi dövlətdir. Üçüncü problem isə dinin siyasiləşdirilməsidir. Bəzən dindarlar məsciddə və ondan kənarda siyasi tələblər qoyurlar. Onlar bildirirlər ki, Azərbaycan ABŞ, İran və İsraillə münasibətlərini bu cür qurmalıdır. Ancaq məscid siyasət yeri deyil. Siyasətlə məşğul olmaq istəyənlər siyasi partiya yaratmalıdır. Təbii ki, din adı altında siyasi partiyanın yaradılması yolverilməzdir. Biz dinin siyasiləşdirilməsinin əleyhinəyik və buna qarşı çıxacağıq".

"Digər problem ənənəvi İslamın zəifləməsidir. Təəssüf ki, mənim ölkəmin vətəndaşı dindar olduqca ərəbə, iranlıya, Anadolu türkünə çevrilir. Bəzi dindar qruplar tolerant deyillər. Məzhəbçiliyin güclənməsi, dünyəvi təhsilə qarşı çıxışların olması da problemlər sırasındadır. Lakin məktəb və məscid bir-birilərinə alternativ deyillər. Din pərdəsi adı altında əsla qadınların hüquqlarının məhdudlaşdırılmasına yol verilməməlidir", - Dövlət Komitəsi sədrinin müavini vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi