Gündüz İsmayılov: "Azərbaycan cəmiyyəti beynəlxalq aləmdə tolerantlıq modeli kimi qəbul edilir"

Gündüz İsmayılov: "Azərbaycan cəmiyyəti beynəlxalq aləmdə tolerantlıq modeli kimi qəbul edilir" ​Azərbaycan nümayəndə heyəti Amerika yəhudi təşkilatları ilə görüşlər keçirib
Din
3 Fevral , 2015 17:01
Gündüz İsmayılov: Azərbaycan cəmiyyəti beynəlxalq aləmdə tolerantlıq modeli kimi qəbul edilir

Bakı. 3 fevral. REPORT.AZ/ ABŞ-ın Los-Anceles şəhərində səfərdə olan Azərbaycan nümayəndə heyəti bu ölkədə fəaliyyət göstərən bir sıra yəhudi təşkilatları ilə görüşlər keçirib. Bu barədə "Report"a Dini Qurumlarla İş ürə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşkilatçılığı ilə ilk görüş Amerika-İsrail Əlaqələr Komitəsinin (AİPEC) Los-Ancelesdəki İdarə Heyətinin üzvləri ilə olub. Görüşdə Azərbaycandan gəlmiş nümayəndə heyətinin üzvləri Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Milli Məclisin deputatı Yevda Abramov, Bakı şəhəri Dağ yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, həmin dini icmanın ravvini Avraam İsakovla yanaşı, ölkənin Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev də iştirak edib.

Yəhudilərin Azərbaycandakı vəziyyətindən danışan Yevda Abramov ölkədə demokratik və dünyəvi cəmiyyət formalaşdığını, hər bir etnik və dini qrupun sərbəst fəaliyyət göstərdiyini bildirib. O qeyd edib ki, yəhudilərin Azərbaycanda heç bir problemi yoxdur və Azərbaycan-İsrail münasibətləri inkişaf etməkdədir. Lakin təəssüf ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü hələ də davam edir və bundan bütün ölkə vətəndaşları, o cümlədən yəhudilər də əziyyət çəkirlər. Milix Yevdayev isə Dağ yəhudiləri Dini İcmasının tarixindən və dövlətin icmaya qayğısından danışıb. O bildirib ki, 25 əsrdir yəhudilər Azərbaycanda yaşayır və bu müddət ərzində yəhudilərlə azərbaycanlılar arasında yalnız qardaşlıq münasibətləri mövcud olub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Azərbaycanda dövlət-din münasibətlərindən, tarixən formalaşmış tolerantlıq ənənələrindən və həmin ənənələrin bu gün də davam etdirilməsindən danışıb. O bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra təkcə məscid və ziyarətgahlar deyil, kilsə və sinaqoqlar da bərpa edilib və yenidən qurulub. Eyni zamanda, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və qayğısı ilə 2011-ci ildə Bakı şəhərində Dağ yəhudiləri üçün yeni sinaqoq inşa edilib. Dini icmalara dövlət tərəfindən maddi yardım göstərildiyini qeyd edən Gündüz İsmayılov bildirib ki, Azərbaycan təkcə təbii sərvətlərlə deyil, həm də multikultural zəngin mədəniyyətə sahibdir. Bu baxımdan Azərbaycan cəmiyyəti beynəlxalq aləmdə tolerantlıq modeli kimi qəbul edilir.

Amerika-İsrail İctimaiyyətlə Əlaqələr Komitəsinin rəsmi nümayəndəsi Maykl Tuşen Azərbaycanda yəhudilərə yüksək münasibət olduğunu, həm Azərbaycan-İsrail, həm də Azərbaycan-Amerika arasında əlaqələrə çox böyük əhəmiyyət verdiklərini bildirib. O qeyd edib ki, istər region, istərsə də islam dünyasının əhəmiyyətli dövləti olan Azərbaycanla əlaqələrin daha da inkişaf etdirilməsi vacibdir və bunun üçün səylərini əsirgəməyəcək.

Azərbaycan nümayəndə heyəti Kolumbiya Universitetinin nəzdindəki yəhudi Hillel mərkəzinin rəhbəri ravvin Chaim Seidler Feller və Amerika Yəhudi Komitəsinin Los-Anceles bölməsinin İdarə Heyətinin üzvləri ilə də görüşüblər. Görüşdə yəhudi icması ilə Azərbaycanda yaradılmış şərait, Azərbayca-İsrail, Azərbaycan-Amerika münasibətləri müzakirə edilib, bu əlaqələrin inkişafında yəhudi icmasının rolu barədə fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi