Dövlət Komitəsi: Son vaxtlarda Azərbaycanda radikal qrupların fəaliyyətində aktivlik müşahidə olunub

Dövlət Komitəsi: Son vaxtlarda Azərbaycanda radikal qrupların fəaliyyətində aktivlik müşahidə olunub Treninqdə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, dini icma rəhbərləri və ziyalılar iştirak ediblər
Din
29 Avqust , 2014 14:10
Dövlət Komitəsi: Son vaxtlarda Azərbaycanda radikal qrupların fəaliyyətində aktivlik müşahidə olunub
Bakı. 29 avqust. REPORT.AZ/ Sumqayıt şəhərində dini icmalar üçün seminar-treninq keçirilib.

Azərbaycan Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən Report-a verilən məlumata görə, Milli Tolerantlıq Mərkəzinin layihəsi çərçivəsində Sumqayıtda keçirilən növbəti seminar treninqdə yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, dini icma rəhbərləri və ziyalılar iştirak ediblər.

Milli Tolerantlıq Mərkəzinin icraçı direktoru Elmin Əliyev Azərbaycandakı dinlərarası münasibətlər, tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərin düzgün təbliği, ənənəvi dindarlıq anlayışının və Azərbaycan tolerantlıq modelinin mahiyyəti, müasir dünyada dini dözümlülüyün əhəmiyyəti, habelə dövlətçilik və vətənpərvərlik məfhumları haqda çıxış edib.

Qeyri-ənənəvi, radikal cərəyanların zərərli təsirləri, onlara qarşı mübarizə metodlarından danışan DQİDK-nın şöbə müdiri Niyaz Yaqublu bildirib ki, son vaxtlarda xüsusilə yaxın şərqdə baş verən proseslərin fonunda Azərbaycanda radikal qrupların fəaliyyətində aktivlik müşahidə olunub: "Lakin Dövlət Komitəsinin istər maarifləndirmə sahəsində, istərsə də güc strukturları ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində bu cəhdlərin qarşısı yerindəcə alınıb". Bu tədbirlərin davam etdiriləcəyini diqqətə çatdıran DQİDK nümayəndəsi onu da əlavə edib ki, Azərbaycanda tolerant mühitə zərbə vurmağa cəhd edən istənilən qrup və ya şəxslərə qarşı qəti və konkret addımlar atılacaqdır.

Digər çıxışlarda düzgün dini maarifləndirmənin gücləndirilməsi, dini icmaların bu istiqamətdə birgə səylərini artırması xüsusilə qeyd olunub.

Son xəbərlər

Orphus sistemi