Dövlət Komitəsinin sədri ABŞ-da təhsil alan yəhudi tələbələrlə görüşüb

Dövlət Komitəsinin sədri ABŞ-da təhsil alan yəhudi tələbələrlə görüşüb Mübariz Qurbanlı: "Qeyri-islam dini icmalarına dövlətimiz tərəfindən mütəmadi maliyyə yardımı edilir"
Din
9 Dekabr , 2016 12:26
Dövlət Komitəsinin sədri ABŞ-da təhsil alan yəhudi tələbələrlə görüşüb

Bakı. 9 dekabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı ABŞ-ın aparıcı ali məktəblərinin yəhudi mənşəli tələbələrini birləşdirən məşhur KİVUNİM Amerika-İsrail akademik təşkilatının Azərbaycanda səfərdə olan nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, görüşdə DQİDK sədrinin birinci müavini Səyyad Salahlı, sədr müavini Səyavuş Heydərov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münaqişələr üzrə ekspert Arye Qut, KİVUNİM Amerika-İsrail akademik təşkilatının nümayəndə heyətinin rəhbəri Cey Liberman, Bakı şəhəri Dağ yəhudiləri icmasının sədri Milix Yevdayev, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi Mifodi Ata iştirak ediblər.

Ölkəmizdəki dini durum, Dövlət Komitəsinin fəaliyyət istiqaməti barədə görüş iştirakçılarına ətraflı məlumat verən Mübariz Qurbanlı bildirib ki, tarixən tolerant və multikultural dəyərləri üstün tutan, əhalisinin 96 faizini müsəlmanlar təşkil edən Azərbaycanda bütün dinlərin nümayəndələri – müsəlman, xristian, yəhudilər əsrlərdir sülh və qardaşlıq şəraitində yaşayır. Dini konfessiyalar barədə danışan Komitə sədri vurğulayıb ki, bu konfessiyalar anlaşma şəraitində fəaliyyət göstərirlər və qeyri-islam dini icmalarına dövlətimiz tərəfindən mütəmadi maliyyə yardımı edilir.

Yəhudilərin Azərbaycanda məskunlaşmasının 2600 illik tarixi olduğunu deyən Komitə sədri ölkəmizdə hər zaman yəhudilərə xoş münasibət bəslənildiyini və indiyə qədər də bu münasibətin davam etdiyini vurğulayıb. O bildirib ki, ölkəmizdə dini etiqad azadlığı tam təmin olunub, bütün dini konfessiyalara bərabər şərait yaradılıb. Digər konfessiya nümayəndələri kimi yəhudilər də öz ibadətlərini, dini ayinlərini sərbəst şəkildə yerinə yetirirlər.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münaqişələr üzrə ekspert Arye Qut Azərbaycanla İsrailin əlaqələrinin perspektivlərini və bu cür görüşlərin keçirilməsini müsbət dəyərləndirib.

Görüş diskussiya şəraitində davam edib. Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tələbələri maraqlandıran sualları cavablandırıb.

Sonda görüş iştirakçılarına Azərbaycandakı dini abidələrin fotoşəkillərindən ibarət kitab təqdim edilib.

Son xəbərlər

Orphus sistemi