Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib Bakı. 27 fevral. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.
Din
27 Fevral , 2018 18:22
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib

Bakı. 27 fevral. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 2017-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, iclasda kollegiya üzvləri ilə yanaşı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, həmçinin Mərkəzi Aparatın və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı iclası giriş sözü ilə açaraq 2017-ci ilin, ümumilikdə, ölkəmiz üçün uğurlu olduğunu, bir çox sahələrdə nailiyyətlər, uğurlar əldə edildiyini, “İslam Həmrəyliyi İli” çərçivəsində həyata keçirilən tədbirlərə də toxunduğunu qeyd edib. Bu istiqamətdə Dövlət Komitəsinin Qafqaz Müsəlmanları İdarəsi ilə birlikdə həm ölkə daxilində, həm də ölkə xaricində həyata keçirdiyi çoxsaylı tədbirlərdə Azərbaycanın İslam dünyasında gedən proseslərdə öz mövqeyini nümayiş etdirdiyini, İslam həmrəyliyi, onu zəruri edən şərtlər, bütövlükdə, dünyada sülh, əmin-amanlıq və əməkdaşlığa müsbət təsir göstərdiyini vurğulayıb.

Hesabat ili ərzində dini sahədə bir sıra məsələlərin müsbət həllinə nail olunduğunu bildirən Dövlət Komitəsinin sədri dövlət-din münasibətlərinin inkişaf etdirilməsi, cəmiyyətin maarifləndirilməsi, Azərbaycanın tolerantlıq ənənələrinin təbliği və təşviqi, dini durumun öyrənilməsi, dini icmaların fəaliyyətinin dəstəklənməsi, radikal cərəyan və təriqətlərin qanunazidd əməllərinin aşkarlanması ilə bağlı tədbirlər görüldüyünü deyib. Dindən sui-istifadə hallarının qarşısının alınması, din adı ilə milli və dövlət maraqlarımıza zidd, milli-mənəvi dəyərlərimizə yad ideoloji təlimlərin yayılması istiqamətində qabaqlayıcı, profilaktik və inzibati tədbirlər həyata keçirilib.

Prezident İlham Əliyevin müvafiq fərman və sərəncamı ilə DQİDK–nın tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasına diqqət çəkən Dövlət Komitəsinin sədri bunları dövlət başçısının milli-mənəvi dəyərlərimizə və mütərəqqi tarixi ənənələrimizə verdiyi yüksək qiymət kimi dəyərləndirib. O, qurumların yaradılması ilə Dövlət Komitəsinin qarşısında mühüm vəzifələr və hədəflərin qoyulduğunu diqqətə çatdırıb.

İclasda gündəliyə uyğun olaraq, DQİDK-nın 2017-ci ildəki fəaliyyəti ilə əlaqədar Əliheydər Zülfüqarovun məruzəsi dinlənilib. Şöbə müdiri bildirib ki, ötən il ərzində respublikada dini durumun dərindən öyrənilməsi, dini proseslərin izlənilməsi, əsas tendensiyaların müəyyənləşdirilməsi, radikal dini cərəyanların fəaliyyətinin qarşısının alınması, ölkədə dini vəziyyətlə bağlı informasiya fondunun genişləndirilməsi, dini qurumlarla əməkdaşlığın qurulması ilə bağlı işlər davam etdirilib və əlamətdar dini mərasimlərlə bağlı müvafiq tədbirlər həyata keçirilib.

Ə.Zülfüqarov məruzəsində Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2017-ci il tarixli sərəncamı ilə 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan edilməsinə dair Tədbirlər Planına uyğun olaraq, Dövlət Komitəsinin həyata keçirdiyi tədbirlər barədə geniş məlumat verib. Bildirib ki, Dövlət Komitəsi müvafiq qurumlarla xüsusilə Qafqaz Müsəlmanları İdarəsi ilə birgə 200-dən artıq ölkə və beynəlxalq əhəmiyyətli tədbirə təşkilatçılıq edib.

O, 2017-ci ildə Dövlət Komitəsinin milli-mənəvi dəyərlərimizin təbliği, tolerant və multikultural ənənələrimizin təşviqi, ölkədəki dövlət-din münasibətlərinin yüksək səviyyədə tənzimlənməsi, vətəndaşlarımızın, xüsusilə gənclərin zərərli dini cərəyanların təsiri altına düşməsinin, o cümlədən din adı altında milli və dövlət maraqlarımıza zidd ideoloji təlimlərin yayılmasının qarşısının alınması məqsədilə müvafiq dövlət qurumları ilə birgə hazırlanan Tədbirlər Planının həyata keçirilməsi, dini maarifləndirmə sahəsində tədbirlərin təşkil edilməsi istiqamətində fəaliyyətini davam etdirdiyini, aidiyyəti qurumlarla birlikdə ümumilikdə 600-ə yaxın tədbir həyata keçirildiyini deyib. Bildirib ki, maarifləndirmə işinin təşkili üçün dini icmaların təqdim etdiyi 149 layihə icra olunub.

Ə.Zülfüqarov vurğulayıb ki, 2017-ci ildə maarifləndirmə sahəsində işlər Dövlət Komitəsinin mətbu orqanı olan “Dövlət və Din” ictimai fikir toplusu və “Cəmiyyət və Din” qəzeti, həmçinin İTV kanalında yayımlanan “Cəmiyyət və Din”, SPACE telekanalında yayımlanan “İnam” verilişləri vasitəsi ilə də həyata keçirilib. Ötən il ərzində “Dövlət və Din” ictimai fikir toplusunun 6, “Cəmiyyət və Din” qəzetinin isə 12 sayı çap olunub.

Daha sonra çıxış edən Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev hesabat dövrü ərzində illik iş planlarına uyğun olaraq dövlət-din münasibətlərinin tənzimlənməsi və bundan irəli gələn vəzifələrin təkmilləşdirilməsi, dini radikalizmə qarşı müvafiq tədbirlərin həyata keçirilməsi, eləcə də maarifləndirmə işlərinin təşkili istiqamətlərində görülmüş işlərdən danışıb.

Vüqar Babayev bu istiqamətdə dini maarifləndirmə tədbirlərinin keçirildiyini, din xadimlərinin biliklərinin artırılması üçün muxtar respublika məscidlərində təkmilləşdirmə kursları təşkil edildiyini, dini təyinatlı ədəbiyyatların və başqa məlumat materiallarının yayılmasına nəzarətin təmin edildiyini, həmçinin, məzhəb ayrı-seçkiliyi və ifrat məzhəbçilik təbliğ edən dini ədəbiyyatların yayılmasının qarşısının alındığını qeyd edib.

2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunması ilə əlaqədar muxtar respublikada il ərzində müxtəlif tədbirlərin keçirildiyini deyən direktor, ötən ilin dekabrında Naxçıvan şəhərində “Heydər Əliyev dini həmrəyliyin yaradıcısıdır” mövzusunda konfransın keçirildiyini bildirib. O, həmçinin Naxçıvan MR Ali Məclisi Sədrinin 28 dekabr 2017-ci il tarixli Fərmanı ilə Agentliyin tabeliyində “Mənəvi Dəyərlərin Təbliği Fondu”nun yaradıldığını diqqətə çatdırıb.

DQİDK-nın Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli çıxışına bölgədəki dini durum barədə məlumat verməklə başlayıb. Bildirib ki, bölgəyə daxil olan rayonlarda 106 məscid fəaliyyət göstərir, 2-si qeyri-islam təmayüllü olmaqla 57 dini icma dövlət qeydiyyatına alınıb. Şöbənin fəaliyyətində dini maarifləndirmə işinin önəmli yer tutduğunu qeyd edən Rəhim Rəhimli ötən dövr ərzində şöbənin birbaşa təşkilatçılığı, eləcə də əsas iştirakı ilə 40-dan çox tədbir keçirildiyini bildirib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov çıxışında ölkəmizin zəngin multikultural dəyərlərindən söz açıb. Azərbaycan Respublikasının multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdən biri olduğunu bildirib. Azərbaycanda etnik-mədəni müxtəlifliklərin multikulturalizm siyasəti vasitəsilə uğurla, səmərəli şəkildə tənzimləndiyini qeyd edib. Azərbaycanda multikulturalizm siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan Etibar Nəcəfov bu uzaqgörən siyasətin uğurla həyata keçirilməsinin Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu deyib.

Şöbə müdiri bildirib ki, multikulturalizmin Azərbaycan Respublikasının dövlət siyasəti olmasının mühüm təzahürlərindən biri də ölkəmizdə dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasındadır. Etibar Nəcəfov Prezident İlham Əliyevin 10 oktyabr 2017-ci il tarixli Fərmanı ilə Mənəvi Dəyərlərin Təbliği Fondu və 09 fevral 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasının ölkəmizdəki dövlət-din modelinin təkmilləşdirilməsinə mühüm töhfə olduğunu deyib. Şöbə müdiri eyni zamanda ölkədə sabitliyin qorunması və baş verə biləcək mənfi halların qarşısının alınması istiqamətində dini radikalizmə qarşı mübarizə, dini maarifləndirmənin genişləndirilməsi, dini-mənəvi dəyərlərin qorunması və inkişafı məqsədilə təbliğatın gücləndirilməsi, dini icmaların fəaliyyətinin dəstəklənməsi, eləcə də bölgədə şöbələrin fəaliyyətinin genişləndirilməsi ilə bağlı bir sıra təkliflər irəli sürüb. O, Naxçıvan şəhərinin 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan edilməsi ilə əlaqədar təbliğat və təşviqat işlərinin genişləndirilməsi, eyni zamanda diqqətin artırılması barədə də fikirlərini səsləndirib.

Daha sonra Dövlət Komitəsinin 2018-ci il üçün fəaliyyət planı müzakirə olunub. Qarşıya qoyulan məqsədlər, görüləcək işlər, problem və perspektivlər geniş müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi