Bu barədə Report-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Mübadilə görüşünün açılışında ilk olaraq Azərbaycan prezidenti İlham Əliyevin mübadilə görüşünün iştirakçılarına müraciəti millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayev tərəfindən təqdim edilib.
Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyinin nümayəndəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, bu gün Bakıda öz işinə başlayan mübadilə görüşü bütün dünyada dinlər və mədəniyyətlərarası əməkdaşlığın genişlənməsinə verəcək.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Avropa Şurası Baş Katibinin müavini Gabriella Battaini-Dragoni, Avropa Şurası Parlament Assambleyasının Mədəniyyət, elm, təhsil və media komitəsinin “Din azadlığı və dini təcrübələr” üzrə məruzəçisi Rəfael Hüseynov, Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi prezidentinin nümayəndəsi Jean-Claude Frecon açılış nitqləri ilə çıxış ediblər.
Daha sonra 2014-cü il mübadilə görüşünün həmsədrlərinin çıxışları dinlənilib.
Portuqaliyanın Avropa Şurasındakı daimi nümayəndəsi, AŞ Nazirlər Komitəsinin Təhsil, mədəniyyət, idman, gənclər və ətraf mühit üzrə Məruzəçi Qrupunun sədri Səfir Luis Filipe Castro Mendes, Slovakiya Respublikasının Avropa Şurasındakı daimi nümayəndəsi, AŞ Nazirlər Komitəsinin İnsan hüquqları üzrə Məruzəçi Qrupunun sədri səfir Drahoslav Stefanek çıxış edərək mübadilə görüşünün Bakıda keçirilməsinin əhəmiyyətini vurğulayıblar.
Tədbirdə müxtəlif dini konfessiyaların nümayəndələri - Roma Papası yanında Mədəniyyət Şurası, “Court of the Gentiles”ın icraçı direktoru Jean Laurent Mazas, Fransanın iudaizm və protestant federasiyaları ilə əlaqə komissiyasının prezidenti Roland Poupin, Moskva Patriarxlığının Avropa Şurası yanındakı nümayəndəsi, Filip Ryabıx, Strasburq şəhərinin və Aşağı Reyn əyalətinin baş ravvini, Avropa Ravvinlər Konfransının Avropa Şurasındakı daimi nümayəndəsi Rene Gutman, Avropa Buddist Birliyinin prezidenti Jamie Cresswellin məruzələri dinlənilib.
Plenar iclaslarla davam edən tədbirdə “Mədəni cəhətdən rəngarəng cəmiyyətlərdə dini və qeyri-dini təşkilatların tolerantlığı: sosial kapital”, “Dinlərin və qeyri-dini inancların diskriminasiya, dözümsüzlük və zorakılığın bütün növləri ilə mübarizəyə töhfəsi ”, “Dini xarakterli mədəni irsin mədəniyyətlərarası dialoqa və Avropa Şurasının dəstəklədiyi universal dəyərlərə töhfəsi”, “Mübadilə görüşlərinin mədəniyyətlərarası və dinlərarası dialoqa töhfəsi: perspektivlər” və s mövzular ətrafında fikir mübadiləsi aparılıb.