Allahşükür Paşazadə Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

Allahşükür Paşazadə Türkiyənin Azərbaycandakı səfirini qəbul edib Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçını qəbul edib
Din
168
18 May , 2021 16:00
Allahşükür Paşazadə Türkiyənin Azərbaycandakı səfirini qəbul edib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçını qəbul edib.

Bu barədə "Report"a QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

QMİ sədri A.Paşazadə Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin yüksək səviyyəsini, dövlətlərimizin, xalqlarımızın mənafelərinə uyğun inkişafını məmnuniyyətlə qeyd edib. O, ölkəmizə yeni təyin olunan Türkiyə səfirinin bu əlaqələrin daha da dərinləşməsinə öz töhfəsini verəcəyinə, mövcud körpülərin daha da möhkəmləndirilməsi üçün səy göstərəcəyinə ümidvar olduğunu bildirdi və cənab səfirə fəaliyyətinə xeyir-dualar diləyib.

İlham Əliyevin Ulu Öndər Heydər Əliyevin Türkiyə-Azərbaycan münasibətlərini "Bir millət-iki dövlət" kimi dəyərləndirməsinə uyğun şəkildə uğurla inkişaf etdirməsindən qürur duyduğunu bildirən Şeyxülislam A. Paşazadə qardaş ölkə olan Türkiyənin böyükelçisini təkcə diplomat deyil, məhz qardaş qismində qəbul etdiyini xüsusi vurğulayıb.

QMİ sədri səfirin Azərbaycanın şanlı Vətən müharibəsində qazandığı Zəfər dövründə qardaş Türkiyə dövlətinin Azərbaycanda təmsilçisi olmaq şərəfinə malik olmasını böyük nemət kimi dəyərləndirib. Türkiyə-Azərbaycan arasında dini-mənəvi əlaqələrin hər zaman yüksək səviyyədə olduğundan fəxarət duyduğunu bildirən Şeyxülislam A. Paşazadə, bizi istəməyən qüvvələrə qarşı mütəşəkkil olmağın vacibliyinə diqqəti çəkib.

Qardaş Türkiyə dövlətinin şanlı Vətən müharibəsi dövründə Azərbaycana mənəvi dəstəyini və qardaş həmrəyliyini yüksək dəyərləndirən QMİ sədri A. Paşazadə Azərbaycanla Türkiyə arasında siyasi, iqtisadi, mədəni və dini-mənəvi əlaqələrin önəm kəsb etdiyini və davamlı inkişaf etdirilməsinin vacib olduğunu bildirib. Qafqaz Müsəlmanları İdarəsi ilə Türkiyə Diyanət Başkanlığı arasında dini-mənəvi əməkdaşlığın səviyyəsindən razılığını bildirən Şeyxülislam A. Paşazadə Müfti dr. Əli Erbaşla olan qardaşlıq münasibətlərini, birgə səylərini yüksək qiymətləndirib.

C.Bağçı qəbula görə minnətdarlıq edib, qardaş Azərbaycan dövlətində səfir kimi fəaliyyətə başlamasından dərin məmnunluğunu dilə gətirərək, bu günədək mötəbər beynəlxalq tədbirlərdən tanıdığı nüfuzlu dini lider olan Şeyxülislam Allahşükür Paşazadə ilə şəxsən görüşünə böyük dəyər verdiyini xüsusi vurğulayıb.

O, Türkiyə dövlətinin hər zamankı kimi bundan sonra da qardaş Azərbaycanla bütün müstəvilərdə və platformalarda bir yerdə olacağına əminliyini ifadə etdi. Zəfərdən sonra Türkiyənin Azərbaycan dövləti ilə koordinasiyada Qarabağda gedən bərpa-quruculuq işlərində iştirak niyyəti barədə danışan səfir dağıdılmış dini-mənəvi abidələri də ehtiva edəcəyini əlavə edib.

Səfirin Qüds məsələsinə dair müsəlman dünyasının narahatlığını qeyd etməsi ilə bağlı Şeyxülislam A. Paşazadə Qurani-Kərimdə zikr olunan Qüdsü-Şərifin İslam aləmi üçün müqəddəslik kəsb etdiyini və müqəddəsliklərə münasibətin dəyişməz olduğunu deyib.

Şeyxülislam A. Paşazadə cənab səfirə qarşıdakı fəaliyyətində uğurlar dilədi, xalqlarımız, dövlətlərimiz üçün yeni uğurlara vəsilə olması üçün dualar edib, ən xoş arzularını bildirib.

Son xəbərlər

Orphus sistemi