Bəşəriyyətin gələcəyinə təhlükə yaradan problemlərin əsas mənbəyi ilahi düzənin pozulması, insanların mənəvi-əxlaqi köklərindən ayrılmasıdır.
"Report"un yerli bürosu xəbər verir ki, bu fikirləri İstanbulda keçirilən 25-ci Avrasiya İqtisadi Zirvəsində iştirak edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə öz çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu gün müasir, qloballaşan dünyada meydana gəlmiş yeni təhlükəli meyllər, əsrlərlə insan təfəkküründə, mənəviyyatında yer almış mənəvi meyarların, dini-mədəni dəyərlərin təhrif və təhqir olunması, bioetik problemlər bütün mütərəqqi dünya ictimaiyyətini narahat edir:
"Din xadimi kimi deyə bilərəm ki, bəşəriyyətin gələcəyinə təhlükə yaradan problemlərin əsas mənbəyi ilahi düzənin pozulması, insanların mənəvi-əxlaqi köklərindən ayrılmasıdır. Yaşadığımız humanitar xarakterli böhranlar da bu fəsadların nəticəsidir. Buna görə də, əsrlərlə formalaşmış mədəni-mənəvi davranış qaydalarının gündəlik həyatımızın bütün sahələrində - siyasətdə, iqtisadiyyatda, dövlətlərarası münasibətlərdə bərqərar olmasını vacib sayıram".
Allahşükür Paşazadə iqtisadi modellər işlənib hazırlanarkən humanitar, mənəvi aspektlərin nəzərə alınmalı olduğunu vurğulayıb: "Bütün səmavi dinlər bəşərə ətraf mühitə mərhəmət, ehtiram ruhunu təlqin edir və əks təqdirdə yaşanacaq fəlakət, böhran və imtahanlardan xəbərdar edir. Torpağın müqəddəsliyi, həyatverici qüvvəsi unudulur, Allahın lütfü, mübarək neməti olaraq endirilən su, iqlim dəyişiklikləri, habelə israf səbəbindən tükənməkdədir. Çağdaş dünyada törədilən ekoloji və müharibə cinayətləri, ekosistemin pozulması, münbit torpaqların yararsız hala salınması səbəbindən yaşanan qıtlıq, qida çatışmazlığı, ərzaq təhlükəsizliyi bəşəriyyəti təhdid edən problemlərin ön cərgəsindədir"
QMİ sədri beynəlxalq Zirvədə Azərbaycanın Vətən müharibəsi və öz torpaqlarını azad etmək uğrundakı haqlı mübarizəsindən də danışıb:
"Azərbaycan xalqı öz Ali Baş Komandanının rəhbərliyi ilə 30 ilə yaxın davam etmiş erməni işğalına son qoydu, tarixi ədaləti bərpa etdi. Bütün dünya şahiddir ki, Xocalı soyqırımı, çoxsaylı müharibə cinayətləri həyata keçirmiş erməni işğalçıları Azərbaycan torpaqlarında vandalizm aktları törətmiş, dini-mədəni irsə qarşı barbar hərəkətlər həyata keçirmişlər. Beynəlxalq müşahidəçilər zamanında abad, çiçəklənən Qarabağ şəhərlərinin ruhlar məkanına çevrilməsinin-urbisid cinayətlərinin şahididirlər. Ekoloji fəlakətin miqyası insanı dəhşətə gətirir. Ərazilərimizi onilliklərlə davamlı şəkildə məhv etmiş, əkinə yararsız hala gətirmiş, sərvətlərini talan etmiş, ərazilərimizi tərk etmək məcburiyyətində qalanda isə torpaqlara od vurmaqdan belə çəkinməmişlər. Su hövzələrimizə qarşı mütəmadi ekoloji cinayətlər törədilmişdir. Ermənistan sivil dünyanın gözü qarşısında qeyri-insani davranışlarını davam etdirərək, işğal dövründə basdırdıqları və bu gün də yüzlərlə mülki şəxsin həyatına son qoymaqda davam edən minaların xəritələrini qaytarmır".
"Bütün bunlara baxmayaraq, Azərbaycan dövləti, başda Prezident İlham Əliyevin güclü siyasi iradəsi sayəsində azad olunmuş Qarabağda şəhər və kəndləri bərpa edir, torpaqlarını gülüstana çevirir, dağıdılmış məscid və digər dinlərə məxsus məbədləri yenidən qurur. İşğaldan azad olunmuş ərazilərində müasir dövrün tələblərinə cavab verən ağıllı şəhər və kəndlər salınması, yeni, müasir infrastrukturun qurulması prosesində ekoloji tarazlığın bərpası yönündə genişmiqyaslı örnək layihələr gerçəkləşdirir", - o vurğulayıb.