Yuxarı

Zaqatala və Qax rayonlarında iftar süfrələri təşkil edilib

İftar süfrələrini Dövlət Komitəsinin dəstəyi ilə dini icmalar təşkil edib

Bakı. 16 iyul. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Zaqatala və Qax rayonlarında iftar süfrələri verilib. Komitədən "Report"a verilən məlumata görə, iftar süfrələrini Zaqatala rayonu Yuxarı Tala kənd məscidi və Qax rayon Mərkəzi Cümə məscidlərinin dini icmaları təşkil edib.

Zaqatalada təşkil edilən iftar süfrəsində Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov, Zaqatala Rayon İcra Hakimiyyətinin şöbə müdiri Arif Ramazanov, dini icma sədrləri, din xadimləri və dindarlar iştirak ediblər.

Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov qeyd edib ki, Komitənin dəstəyi ilə iftar süfrələri respublikanın bütün bölgələrində təşkil edilir və əsas məqsəd iftar süfrələri vasitəsilə dini maarifçilik işi aparmaqdır.

Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı İbrahim İbrahimov və Zaqatala Rayon İcra Hakimiyyətinin şöbə müdiri Arif Ramazanov çıxış edərək, bu cür tədbirləri Azərbaycanda dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasının bariz nümunəsi kimi qiymətləndiriblər. Həmçinin bildiriblər ki, Dövlət Komitəsinin maliyyə dəstəyi ilə iftar süfrələrinin açılması mütərəqqi bir ənənənin başlanğıcıdır.

Qax rayon Mərkəzi Cümə məscidi dini icmasının təşkil etdiyi iftar süfrəsində Qax Rayon İcra Hakimiyyətinin əməkdaşları, dini icma sədrləri, din xadimləri, dindarlar, rayon ziyalıları və ağsaqqalları iştirak ediblər.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbə müdiri Mehman İsmayılov əvvəlcə bölgədə dini maarifləndirmə sahəsində görülən işlər barədə danışıb. O bildirib ki, son vaxtlar Dövlət Komitəsi tərəfindən təhsil müəssisələrində, dini tədris ocaqlarında və məscidlərdə müxtəlif maarifləndirici tədbirlər təşkil olunub. Eyni zamanda, dini icmalar da aktiv şəkildə maarifçilik prosesinə cəlb edilib.

QMİ-nin Qax rayonu üzrə səlahiyyətli nümayəndəsi Hacı Əsgərov iftar süfrəsinin təşkilinə və maarifçilik işinin aparılmasına görə rayon dindarları adından təşkilatçılara minnətdarlığını bildirib. Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov milli-mənəvi dəyərlərimizin təbliği və dini maarifçilik işinin aparılması baxımından dini icmalar tərəfindən təşkil edilən iftar süfrələrinin əhəmiyyətini vurğulayıb. Sədr müavini bildirib ki, həm milli-mənəvi dəyərlərimizin qorunmasında, həm də dini radikalizmlə mübarizədə dini icmaların üzərinə böyük vəzifə düşür. Dövlət Komitəsi bu vəzifəni yerinə yetirmələri üçün dini icmalara hərtərəfli dəstək verir. Dini icmaların iftar süfrələri vasitəsilə dini maarifçilik işi aparması üçün onlara maliyyə yardımı göstərilməsi bunun bariz nümunəsidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi