Yuxarı

Yeni qeydiyyatdan keçən 26 dini quruma şəhadətnamələr təqdim edilib

Bakı. 2 iyul. REPORT.AZ/ Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən dövlət qeydiyyatına alınan bir qrup dini icmaya şəhadətnamələr təqdim edilib. 

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, bu məqsədlə təşkil edilən tədbirdə Dövlət Komitəsi sədrinin birinci müavini, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.

Dinə dövlət qayğısından bəhs edən Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı bildirib ki, son illərdə icmaların maarifləndirici layihələrə cəlb edilməsi onların cəmiyyətdə daha aktiv fəaliyyətini təmin edib. Din xadimləri dini maarifləndirmə işinin aparılması, həmçinin cəmiyyətdə dini radikalizm meyillərinin qarşısının alınmasında aktivlik nümayiş etdirirlər. Dövlət Komitəsi ilə sıx əməkdaşlığın zəruriliyini önə çəkən sədrin birinci müavini bu istiqamətdə birgə fəaliyyətin davam etdiriləcəyini vurğulayıb.

Sonra 26 dini quruma qeydiyyat şəhadətnamələri təqdim edilib.

Lənkəran rayonu Boladi kəndi Seyidoba məhəllə məscidi dini icmasının sədri Zamin Məmmədov dini icmalarla sıx əlaqələrin qurulmasının, onların qayğı ilə əhatə olunmasının diqqətəlayiq olduğunu bildirib.

Qeyd edək ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan sonra 835 dini qurum dövlət qeydiyyatından keçib. Konfessional baxımdan onların 804-ü İslam, 31-i isə qeyri-islam (Xristian – 20; Yəhudi – 8; Krişna – 1; Bəhai – 2) təmayüllüdür.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi