​Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər üzrə müşavirinin fəaliyyəti başa çatıb

​Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər üzrə müşavirinin fəaliyyəti başa çatıb Mübariz Qurbanlı Sadiq Əraslanı bununla əlaqədar qəbul edib
Din
8 Aprel , 2015 19:25
​Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər üzrə müşavirinin fəaliyyəti başa çatıb

Bakı. 8 aprel. REPORT.AZ/ Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Türkiyənin Azərbaycandakı səfirliyinin dini işlər üzrə müşaviri Sadiq Əraslanı fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Komitədən "Report"a verilən məlumata görə, görüş zamanı müşavir qeyd edib ki, dövlət başçısının həyata keçirdiyi din siyasəti, dini konfessiyalara yüksək diqqət və qayğı göstərilməsi onda böyük təəssürat yaradıb. O, müşavir kimi fəaliyyəti müddətində ölkədəki fəaliyyətinə yaradılan yüksək şəraitə görə minnətdarlığını bildirib.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Türkiyəyə rəsmi səfərindən, keçirdiyi görüşlərdən danışaraq, iki ölkə arasında bütün sahələrdə olduğu kimi, din sahəsində də əlaqələrin yüksək səviyyəsindən məmnunluğunu bildirib. Mübariz Qurbanlı qeyd edib ki, bu əlaqələrin qurulmasında Türkiyənin Azərbaycandakı səfirliyinin, o cümlədən din işləri üzrə müşavirliyin böyük xidmətləri var.

Dövlət Komitəsinin sədri iki ölkə arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, xüsusilə din sahəsində daha da genişləndirilməsi işinə verdiyi töhfəni yüksək qiymətləndirərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Türkiyənin Azərbaycandakı səfirliyinin din işləri üzrə yeni təyin olunmuş müşaviri professor Kamil Günəş iştirak edib. Mübariz Qurbanlı müşavirə yeni işində uğurlar arzulayıb və bildirib ki, Dövlət Komitəsi bundan sonra da Türkiyə səfirliyinin din müşavirliyi ilə əməkdaşlığı yüksək səviyyədə davam etdirəcək.

Son xəbərlər

Orphus sistemi