Yuxarı

Komitə sədri: "Taliban"ın, vəhhabilərin islama heç bir aidiyyəti yoxdur"

Biz dinimizi qorumalıyıq ki, bu dindən siyasi məqsədlər üçün istifadə olunmasın

Bakı. 26 dekabr. REPORT.AZ/ "Din siyasətə çevrilirsə, o, artıq mənəvi dəyərini itirir". “Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Dövlət Dəmir Yolları İdarəsində “Milli mənəvi dəyərlər və müsairlik” mövzusunda keçirilən konfransda deyib.

"Biz dinimizi qorumalıyıq ki, bu dindən siyasi məqsədlər üçün istifadə olunmasın. Çünki dünyanın elə ölkəsi yoxdur ki, orada din siyasi məqsədlər üçün istifadə edilməsin. Din siyasi məqsədlər üçün istifadə olunarsa, onu yayanlar da, o dinin ideyaları da gözdən düşür və mənəvi dəyərlərini itirir”, - M.Qurbanlı deyib.

M.Qurbanlı bildirib ki, Azərbaycanda da dindən siyasi məqsədlər üçün istifadə edənlər olub və bu gün də bəzi qruplar var. “Bu qruplar islam ölkələrinin inkişafının ləngidilməsinə hesablanmış qruplardır. Qrupların adı nə olursa-olsun - istər "Taliban" olsun, istər "sələfilər", vəhhabilər olsun - bu qrupların islama heç bir aidiyyəti yoxdur”.
Komitə sədri əlavə edib ki, Azərbaycanda da bu cür radikal qruplar var. “Bəzən deyirlər ki, "bunlar nə ediblər ki? Öz ibadətlərini edirlər də". Guya biz bunlara ibadət etməyə imkan vermirik. Axı, onlar başa düşmürlər ki, öz mənəviyyatlarını və mənəvi dəyərlərini itiriblər”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi