Yuxarı

SOCAR-da “Multikulturalizm - dövlət siyasətidir” mövzusunda seminar keçirilib

Asif Bəkirli: Çoxmədəniyyətlilik, tolerantlıq siyasəti Dövlət Neft Şirkətinin fəaliyyətində də praktiki şəkildə təzahür edir

Bakı. 17 may. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İnsan Resursları Departamentində “Multikulturalizm - dövlət siyasətidir” mövzusunda seminar keçirilib.

SOCAR-dan "Report"a verilən məlumata görə, İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli çıxışında 2016-cı ilin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Multikulturalizm ili” elan edildiyini vurğulayaraq qeyd edib ki, müştərək müəssisələr, xarici nümayəndəliklər də daxil olmaqla, SOCAR-da 50 mindən çox əməkdaş çalışır və bu fakt multikulturalizm mövzusunun şirkət üçün nə dərəcədə zəruri və aktual olduğunu göstərir: "Çoxmədəniyyətlilik, tolerantlıq siyasəti Dövlət Neft Şirkətinin fəaliyyətində də praktiki şəkildə təzahür edir". 

Seminarda Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif Usubəliyevin “Multikulturalizm - dövlət siyasətidir” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi SOCAR-da multikulturalizm mövzusuna ilə bağlı tədbirin təşkilini alqışladığını bildirib, multikulturalizmə dünyada müxtəlif aspektlərdən yanaşıldığını qeyd edib. 

Bildirilib ki, multikulturalizm siyasəti Azərbaycanın beynəlxalq imicinin formalaşmasında aparıcı amillərdən biri kimi ölkə diplomatiyasının brendinə çevrilib. Məruzədə Azərbaycan höküməti tərəfindən görülmüş işlər barəsində tədbir iştirakçılarına geniş məlumat verilib. Azərbaycanın bu gün multikulturalizm prinsiplərini dəstəkləyən cərəyanın lider ölkəsinə çevrildiyi vurğulanıb, eyni zamanda qeyd olunub ki, mədəniyyətlərarası və dinlərarası dialoqa üstünlük verən bir ölkə kimi Azərbaycan dünyaya öz qapılarını açaraq bir daha sülhsevər dövlət olduğunu isbat edir. Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində yalnız hərbi və siyasi mübarizə deyil, eyni zamanda informasiya və mədəniyyət mübarizəsi aparılmalıdır. Bu mənada multikulturalizm sözügedən mübarizənin tərkib hissəsi kimi qəbul oluna bilər. Mədəni mübarizənin tərkib hissəsi kimi multikulturalizm dövlət siyasətinin strateji istiqaməti kimi qiymətləndirilməlidir. 

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin “Multikulturalizm ili” və multikulturalizmlə bağlı səsləndirdiyi fikirlər videoçarx vasitəsilə nümayiş etdirilib.                            

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi