Şeyxülislam Allahşükür Paşazadə ​İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb

Şeyxülislam Allahşükür Paşazadə ​İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb Görüş zamanı iki ölkə arasındakı qarşılıqlı münasibətlər və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb
Din
3 Dekabr , 2014 20:35
Şeyxülislam Allahşükür Paşazadə ​İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb
Bakı. 3 dekabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə həzrətləri İran Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Əbuzər İbrahimi Türkmənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə QMİ-dən "Report"a məlumat verilib.  

İranlı qonaqlar əvvəlcə Təzəpir məscid-kompleksini ziyarət ediblər. Təşkilat sədrinin başçılıq etdiyi nümayəndə heyətini qarşılayan QMİ sədrinin birinci müavini, müfti Hacı Salman Musayev Təzəpir məscidinin tarixi, Prezident İlham Əliyevin sərəncamı ilə kompleksdə aparılan yenidənqurma işləri barədə məlumat verib. İranlı rəsmi Təzəpir məscidini öz mehriyəsi hesabına inşa etdirən Nabat xanım Aşurbəyovanın məscidin girişindəki məzarını da ziyarət edib. Qonaqlar məsciddə günorta namazını qılıblar.

Sonra iranlı qonaqlar Təzəpir məscid-kompleksinin kitabxanasında saxlanılan qədim Quran nüsxələri, nadir əlyazmalarla tanış olublar. İran Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri kitabxananın xatirə kitabına ürək sözlərini yazıb.

Sonra Ə.İ.Türkmənin başçılıq etdiyi nümayəndə heyətini Şeyxülislam Allahşükür Paşazadə qəbul edib. QMİ sədri qonaqları salamlayaraq, iki ölkə arasında dostluq və səmimiyyət əsasında qurulan münasibətlərin getdikcə daha da inkişaf etdiyini bildirib, bu işdə iki ölkə arasındakı mədəni əlaqələrin xüsusi rol oynadığını vurğulayıb. Şeyxülislam Ə.İ.Türkmənin İran Mədəniyyət və İslami Əlaqələr Təşkilatına sədr seçilməsi münasibətilə təbrik edib və işlərində uğurlar diləyib.

İran Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Əbuzər İbrahimi Türkmən öz növbəsində səmimi qəbula görə şeyxülislama minnətdarlığını bildirib və Azərbaycanla İran arasındakı əlaqələrin inkişafının hər iki ölkə üçün faydalı olduğunu söyləyib. İranlı qonaq təşkilat sədri qismində ilk xarici səfərini məhz Azərbaycana gerçəkləşdirdiyini vurğulayıb və ölkələrimiz arasında mədəni əlaqələrin inkişafında əlindən gələni əsirgəməyəcəyini bildirib.

Görüşdə şeyxülislamın İrana son səfərinin uğurlu keçməsindən məmnunluq hissi ifadə olunaraq ikitərəfli əlaqələrin genişlədirilməsində bu cür səfərlərin önəmi qeyd olunub. Tərəflər iki ölkə xalqının müştərək mədəniyyət, tarix, din, dil və adət-ənənələrə malik olduğunu bildirərək mədəniyyət sahəsində əlaqələrin daha da artırılmasının vacibliyini vurğulayıblar.

Görüş zamanı iki ölkə arasındakı qarşılıqlı münasibətlər və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Görüşün sonunda tərəflər bir-birinə xatirə hədiyyəsi təqdim ediblər. Sonra qonağın şərəfinə ziyafət verilib.

Görüşdə QMİ sədrinin birinci müavini, müfti Hacı Salman Musayev, sədr müavinləri Hacı Sabir Həsənli və Hacı Fuad Nurullah, QMİ-nin Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, habelə İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayin, İranın ali dini rəhbərinin nümayəndəsi Seyid Əli Əkbər Ocaqnejad, İranın Bakıdakı Mədəniyyət Mərkəzinin sədri İbrahim İbrahimi və başqaları iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi