Rus pravoslav kilsələrində Azərbaycan dili tədris olunacaq

Rus pravoslav kilsələrində Azərbaycan dili tədris olunacaq Yeparxiyanın başçısı belə kursların Gəncədə, Xaçmazda və Sumqayıtda fəaliyyət göstərən kilsələrdə də açılmasını təklif edib
Din
17 Fevral , 2015 21:54
Rus pravoslav kilsələrində Azərbaycan dili tədris olunacaq

Bakı. 17 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyinin təşəbbüsü ilə Rus pravoslav kilsələrində “Azərbaycan dilini öyrənirik” layihəsinə başlayıb.

"Report" AzərTAc-a istinadla xəbər verir ki, “Jen Mironosist” Pravoslav kafedral kilsəsində müxtəlif millətlərdən olan rusdilli vətəndaşlarımız üçün Azərbaycan dili kurslarının açılış mərasimi olub.

Mərasimdə Rus Pravoslav kilsəsinin Bakı-Azərbaycan Yeparxiyasının başçısı arxiyepiskop Aleksandr Bilik Fondunun həyata keçirdiyi bu layihənin Azərbaycanda yaşayan rusdilli əhali arasında geniş yayılacağına və rəğbətlə qarşılanacağına əminliyini bildirib. O vurğulayıb ki, rusdilli əhaliyə Azərbaycan dilini tədris etməklə bu ölkənin multikultural dəyərlərini, tarixini, mədəniyyətini də təbliğ etmiş oluruq.

Yeparxiyanın başçısı belə kursların Azərbaycanın digər bölgələrində - Gəncədə, Xaçmazda, Sumqayıtda fəaliyyət göstərən kilsələrdə də açılmasını təklif edib. Bu layihənin 2002-ci ildə qəbul olunmuş “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanundan irəli gəldiyini vurğulayan Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov təklifin gələcəkdə müsbət dəyərləndiriləcəyini deyib.

Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsində “Dövlət dilini bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının borcudur” müddəasını xatırladan icraçı direktor rusdilli vətəndaşların Azərbaycan dilini öyrənmək həvəsini və istəyini yüksək qiymətləndirib.

Layihəyə əsasən, Bakı şəhərinin bir neçə kilsəsində həftədə iki dəfə Azərbaycan dili dərsləri keçiləcək. Kilsə əməkdaşlarının da qatıldığı bir neçə bölmədə fəaliyyət göstərəcək ödənişsiz kurslara ilkin mərhələdə 60-dan çox dinləyici yazılıb. Xüsusi müsabiqə yolu ilə ali və orta məktəblərin rus bölmələrindən seçilən müəllimlərin əməkhaqları Bilik Fondu tərəfindən ödəniləcək.

Multikultural həyat tərzi ilə tanınan Azərbaycanda daimi, yaxud müvəqqəti yaşayan, Azərbaycan dilini öyrənmək arzusunda olanların bu sahədə bilik, bacarıqlarının artırılmasına kömək göstərmək, onlara azərbaycançılıq məfkurəsini, dövlətçilik ruhunu təlqin etmək, tolerantlıq prinsipləri aşılamaq “Azərbaycan dilini öyrənirik” layihəsinin əsas qayəsini təşkil edir.

Son xəbərlər

Orphus sistemi