Yuxarı
    Bağlamaq

    QMİ sədri: “Bütün münaqişələrin beynəlxalq hüququn normaları əsasında sülh yolu ilə ədalətli həllində israr edirik”

    “Azərbaycanda məzhəblərarası həmrəyliyin nadir nümunəsi mövcuddur”© Report/ Firi Salim

    Bakı. 21 dekabr. REPORT.AZ/ “Tarix boyu Azərbaycan multikulturalizm, dini həmrəylik mühitinin və sivilizasiyalararası dialoqun təşəkkülündə, İslam mədəniyyətinin dünyada yayılmasında mühüm rol oynayıb. Bu gün də multikultural Azərbaycanda müsəlmanlar, pravoslavlar, katoliklər, yəhudilər və digər din mənsubları dostluq, qardaşlıq şəraitində yaşayır, dövlətin diqqət və himayəsindən yararlanırlar. Ölkəmizdə məzhəblərarası həmrəyliyin nadir nümunəsi mövcuddur”.

    “Report”un xəbərinə görə, bunu Bakıda, Heydər Əliyev Mərkəzində “2017 - İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda beynəlxalq konfransda Qafqaz Müsəlmanları İdarəsinin sədri, MDB Dinlərarası Şuranın həmsədri Şeyxülislam Allahşükür deyib.

    O bildirib ki, dini və milli zəmində ekstremizm, terrorizm, islamofobiya, radikalizm təzahürlərinin tüğyan etdiyi, miqrant böhranının yaşandığı müasir dövrdə Azərbaycan dövlətinin başçısı Prezident İlham Əliyev xalqımızın ənənəvi milli, tarixi irsinə istinadən 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməklə dilindən, dinindən asılı olmayaraq dünyamızı ümumbəşəri önəm kəsb edən sülh və ədalət ideyalarının ətrafında cəm olmağa çağırır: “Azərbaycan liderinin İslam həmrəyliyi çağırışı bəşəriyyətin ehtiyac duyduğu insan həmrəyliyinə aparan müqəddəs yolun başlanğıcıdır. Dünyaya yeni siyasi mədəniyyət nümunəsi təqdim edən dövlətimizin başçısının çağırışları həm siyasət, həm də din xadimləri tərəfindən yüksək dəyərləndirilir, beynəlxalq ictimaiyyətin rəğbətini qazanır. Bugünkü beynəlxalq konfransımıza təşrif buyurmuş dəyərli qonaqlarımızın coğrafiyası – dünyanın müxtəlif qitələrindən gəlmiş mötəbər şəxsiyyətlərin tədbirimizdə təmsil olunması buna bariz nümunədir. İlham Əliyev həzrətlərinin elan etdiyi istər Multikulturalizm, istərsə də İslam Həmrəyliyi illəri ümumi, bəşəri məramlara xidmət edən missiyadır və Azərbaycan dövlətinin dünyada gedən proseslərə özəl, dəyərli töhfəsidir.

    Bizim dövlətimiz bu uğurlara multikulturalizm və dini həmrəyliyin bünövrəsini qoyan ulu öndər Heydər Əliyevin xilaskar azərbaycançılıq məfkurəsi sayəsində nail oldu. Zati-aliləri Prezident İlham Əliyevin siyasi iradəsi sayəsində Azərbaycan bu gün uğurlu ideyalarını dünyaya təqdim etmək qüdrətinə malikdir. Azərbaycanın Birinci vitse-prezidenti möhtərəm Mehriban xanım Əliyevanın beynəlxalq müstəvidə fəaliyyəti ölkəmizin bu istiqamətdə söz sahibinə çevrilməsinə xidmət edir.

    Biz Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə istər Multikulturalizm, istərsə də İslam Həmrəyliyi illəri çərçivəsində dünyanın müxtəlif nöqtələrində - Böyük Britaniyada, İspaniyada, İsveçdə, Finlandiyada, Özbəkistanda, Rusiyada, Türkiyədə, İranda keçirdiyimiz beynəlxalq tədbirlərdə dövlətimizin başçısının irəli sürdüyü ideyaların mənəvi əzəmətinin, həm müsəlmanlar, həm də qeyri-müsəlmanlar tərəfindən böyük ehtiram və dəstəklə qarşılandığının bilavasitə şahidi olduq”.

    İdarə sədri deyib ki, insan həyatının qorunub saxlanılması, sülhün və sabitliyin bərqərar edilməsi yönündə addımların atılmasının zəruri olduğu narahat dünyada dini hisslərdən siyasi məqsədlər üçün sui-istifadə yolverilməzdir: “Qüds ətrafında son günlər cərəyan edən hadisələr BMT-nin Qüdsə dair tarixi qərarının yerinə yetirilməsi vacibliyini bir daha gündəmə gətirdi. Necə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin dörd qətnaməsinin zamanında yerinə yetirilməməsi səbəbindən Azərbaycanın 20 faiz ərazisi indiyədək Ermənistanın işğalı altındadır. Biz dünyada bütün münaqişələrin beynəlxalq hüququn normaları əsasında sülh yolu ilə ədalətli həllində israr edirik”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi