Yuxarı

QMİ rəsmiləri İranın Azərbaycandakı səfirliyində olub

İran səfiri: Rəfsancani Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi üçün daima səy göstərib

Bakı 10 yanvar. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayevin başçılıq etdiyi nümayəndə heyəti İranın Azərbaycandakı səfirliyini ziyarət edib.

QMİ-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, qurum rəsmiləri İranın sabiq prezidenti, ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə bağlı diplomatik korpusun əməkdaşlarına başsağlığı veriblər.

İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə başsağlığı ziyarəti üçün QMİ rəsmilərinə minnətdarlığını bildirib. Səfir mərhum Rəfsancaninin prezidentliyi dövründə iki qonşu və qardaş ölkə arasında münasibətlərin yüksək səviyyədə inkişaf etdiyini vurğulayıb. Onun sözlərinə görə, sabiq prezident Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi, regionda sabitliyin bərpası üçün daima səy göstərib.

İranlı diplomat Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə Əlin Əkbər Haşimi Rəfsancani arasındakı dostluq münasibətlərini xatırladaraq bildirib ki, məhz bu iki müdrik dövlət xadiminin birgə səyləri nəticəsində Naxçıvan Muxtar Respublikasına maddi və mənəvi yardım göstərilib.

QMİ sədrinin birinci müavini, müfti Salman Musayev Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə başda olmaqla Azərbaycan müsəlmanlarının başsağlığını mərhumun ailəsinə, yaxınlarına və bütün İran xalqına çatdırmağı səfirdən xahiş edib. Müfti Salman Musayev İranın sabiq prezidenti, ayətullah Əli Əkbər Haşimi Rəfsancanini müdrik dövlət və din xadimi kimi səciyyələndirib, ölkələrimiz arasında əlaqələrin inkişafındakı xidmətlərini yüksək dəyərləndirib. QMİ rəsmisi mərhumun dövlət rəhbəri kimi Azərbaycana səfərini, Təzəpir məscidini ziyarəti zamanı dindarlarla görüşünü xatırladıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi