Yuxarı
    Bağlamaq

    QMİ: Nardaranda baş verən hadisəni cəmiyyətdə nifaq salmaq, zorla hakimiyyəti dəyişdirmək cəhdi kimi qiymətləndiririk

    Bu hadisəni dinlə bağlamaq cəhdlərini birmənalı olaraq rədd edirik

    Bakı. 26 noyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsi (QMİ) noyabrın 26-da Bakının Nardaran qəsəbəsində baş vermiş hadisə ilə bağlı bəyanat verib.

    QMİ-nin mətbuat xidmətindən "Report"a daxil olan bəyanatda bildirilir:

    "Azərbaycanda hökm sürən ictimai-siyasi sabitliyə zərbə vurmaq, hüquqi-demokratik dövlətin əsaslarını sarsıtmaq məqsədilə Nardaran qəsəbəsində bir qrup təxribatçı tərəfindən törədilmiş hadisəni qətiyyətlə pisləyirik. Baş verən hadisəni dinlə bağlamaq cəhdlərini birmənalı olaraq rədd edir, bunu xaricdən və daxildən siyasi məqsədlərlə yönləndirilən, cəmiyyətdə nifaq salmaq, zorla hakimiyyəti dəyişdirmək cəhdi kimi qiymətləndiririk".

    Sənəddə qeyd olunur ki, bu hadisənin baş verdiyi Nardaran qəsəbəsində yerli camaatın tanımadığı, özünü dindar adlandıran bir qrup təxribatçının inanclı, mömin kənd sakinlərinə heç bir aidiyyəti yoxdur

    "Əminik ki, Nardaran əhalisi baş verənlərin əleyhinədir. Taleh Bağırzadə və onun himayədarları tərəfindən yaradılmış “Müsəlman birliyi” adlı qondarma qrupun dindarlara heç bir aidiyyəti yoxdur, o, QMİ tərəfindən dini qurum kimi tanınmır, heç bir dini təbliğat aparmaq səlahiyyətinə malik deyil.

    Dini mərkəz olaraq, Azərbaycan müsəlmanları adından hüquq-mühafizə və xüsusi xidmət orqanlarından tələb edirik ki, İslam dininin humanist dəyərlərinə zidd olaraq həyata keçirilən terror aktının kimliyindən asılı olmayaraq törədənlərin dövlətçiliyimizə təhlükə yaradan əməllərinə hüquqi qiymət versin".

    Bəyanatda deyilir ki, dini pərdə altında fəaliyyət göstərən radikal qruplar bu hadisələrdən lazımi nəticə çıxararaq, öz məkrli niyyətlərinə son qoymalıdır:

    "Təəssüflər olsun ki, bu hadisələr insan tələfatı ilə nəticələnmişdir. Xidməti vəzifələrini yerinə yetirərkən şəhid olanlara Allahdan rəhmət diləyir, ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirik.

    Bir daha bildiririk ki, Azərbaycan dindarları daima dövlətçiliyimizə sadiqdirlər, dövlət başçımızın siyasətini dəstəkləyir, onun ətrafında sıx birləşir, bu kimi təxribatların qarşısının qətiyyətlə alınması istiqamətində səyləri dəstəkləyirlər. Əminik ki, bu kimi təxribatçı cəhdlər möhkəm təməllər üzərində təşəkkül tapmış dövlətçiliyimizin əsaslarını heç bir vəchlə sarsıda bilməz, inşallah!"

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi