Yuxarı

QMİ fətva verdi: "Ramazanda idmançı oruc tutmaya bilər"

Vətənin şərəfini qorumaq, bayrağını ucaltmaq – vacib və savab əməllərdəndir

Bakı. 19 iyun. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası və Elmi-Dini Şurası Birinci Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançılarının müraciətlərini nəzərə alaraq, İslam fiqhi və şəriətinə dair bəzi məsələlərə aydınlıq gətirib.

QMİ-dən "Report"a bildirilib ki, bu ilin Ramazan ayı ölkə tarixində ilk dəfə keçirilən I Avropa Oyunları ilə eyni günlərə təsadüf edib: "Bu möhtəşəm idman yarışı növbəti dəfə dünyanın diqqətini Vətənimizə yönəldib, qalib idmançılarımızın şərəfinə qaldırılan bayrağımız Azərbaycanın şanlı salnaməsinə öz dəyərli töhfəsini verib və yenə də verməkdədir. Mübarək hədisi-şərifdə buyurulub ki, Vətəni sevmək imandandır. Rəqabət meydanında güclü olmaq, Vətənin şərəfini qoruyaraq Bayrağını ucaya qaldırmaq da iman göstəricisidir. Bunun üçün heç şübhəsiz ki, ruhi və cismani sağlamlıq mühümdür.

Ramazanın hər gəlişi İslam aləmi üçün böyük sevincdir və bizi də çox məmnun edir ki, hər il bu müqəddəs ibadətlərə Azərbaycan idmançıları da səbr və təqva ilə qoşulurlar. Fəqət bu il orucluq I Avropa Oyunlarının gərgin yarışlar dönəminə təsadüf edir. Ramazanda idmançı rəqib qarşısında daha qüvvətli və şücaətli olmaq üçün oruc tutmaya bilər. Bununla bağlı səhih mənbələrdə bildirilir ki, belə səbəblərdən oruc tutmayan şəxslər onun qəzasını orucluqdan sonra yerinə yetirməlidirlər. Çünki rəqiblə idman meydanında aparılan mübarizədə qalib gəlmək, Vətənin şərəfini qorumaq, bayrağını ucaltmaq – vacib və savab əməllərdəndir.

Azərbaycan dindarları bu əziz günlərdə inanırlar ki, I Avropa Oyunlarında idmançılarımızın qələbəsi - torpaqlarımız, Vətənimiz uğrunda canlarından keçən bütün qəhrəman şəhidlərin xatirəsinə ən dəyərli töhfə, ölkəmizin şərəf salnaməsinə yazılan ən parlaq səhifədir. Mübarək Ramazanda edilən duaların qəbul olunacağına əmin olduğumuz üçün biz Allah-taaladan dövlətçiliyimizin möhkəmlənməsi və xalqımızın rifahı naminə böyük fədakarlıq göstərən dövlət rəhbəri İlham Əliyevə, Avropa Oyunları Komitəsinin sədri Mehriban Əliyevaya sonsuz xeyir-dualar diləyir, tariximizə zəfərlər yazmaqda olan idmançılarımıza uğurlar arzulayırıq. Ülvi niyyətimiz budur ki, Qadir Allah doğma Azərbaycanımızın qüdrətli və firavan gələcəyini, ölkəmizdə və bütün dünyada sülhü və əmin-amanlığı bərqərar etsin, bizi daim müzəffər qərar versin, inşallah! Vəssalamu əleykum və rəhmətullahi və bərəkatuh".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi