Qəbələnin Nic qəsəbəsində “Pasxa” bayramı keçirilib

Qəbələnin Nic qəsəbəsində “Pasxa” bayramı keçirilib Nic Azərbaycan tolerantlığının kiçik bir modelidir
Din
2 May , 2016 18:54
Qəbələnin Nic qəsəbəsində “Pasxa” bayramı keçirilib

Bakı. 2 may. REPORT.AZ/ Qəbələ rayonu, Nic qəsəbəsində yaşayan udilər Pasxa bayramını qeyd ediblər.

Bu barədə "Report"a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Qəsəbədəki “Cotari” Alban-udi kilsəsində təşkil olunan bayram mərasimində qəsəbə sakinləri ilə yanaşı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Dövlət Komitəsinin Şəki bölgəsi üzrə şöbəsinin əməkdaşları, Qəbələ Rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcə də Nic qəsəbəsi “Abdallı” məhəllə məscidi dini icmasının üzvləri iştirak ediblər.

Bayram mərasimində çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Alban-udi xristian dini icmasının üzvlərini bayram münasibətilə təbrik edərək, ölkədəki dövlət-din münasibətləri, multikultural və tolerant dəyərlərin qorunması və bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıb. O qeyd edib ki, dövlətin, Prezident İlham Əliyevin bu sahəyə diqqət və qayğısının nəticəsində bütün dini qurumlar, o cümlədən tarixi Alban kilsəsinin varisi olan Alban-udi xristian dini icması fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Alban-udi xristian dini icmasının sədri Robert Mobili Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən məmnunluğunu bildirərək Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət-din münasibətlərinin demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun tənzimləndiyini, hər bir kəsin dini etiqad azadlığının təmin olunduğunu vurğulayıb. O qeyd edib ki, müsəlman və xristian udilərin birgə yaşadağı, kilsə və məscidin yan-yana fəaliyyət göstərdiyi Nic Azərbaycan tolerantlığının kiçik bir modelidir. Çıxış edən Alban-udi xristian dini icmasının digər üzvləri onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını qeyd edib, göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinin başçısına minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, Nic qəsəbəsində Alban-udi kilsəsi və 2 məscid fəaliyyət göstərir. Burada yaşayan udilər minilliklərdən bəri öz dinini, dilini, adət-ənənələrini qoruyub saxlayırlar.

Son xəbərlər

Orphus sistemi