Bakı 9 dekabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilmiş “Fitnə” sənədli filminin Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təqdimatı olub.
Komitənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rəhbərliyi və məsul şəxsləri, akademiyanın pedaqoji kollektivi və tələbələri iştirak ediblər.
Akademiyanın rektoru Fuad Hacıyev çıxış edərək, bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, dini radikalizmlə mübarizədə təhsil müəssisələrinin də üzərinə böyük məsuliyyət düşür.
DQİDK-nın sədri Mübariz Qurbanlı bildirib ki, Komitə tərəfindən hazırlanmış bu filmin əsas məqsədi radikalizmlə mübarizə, dini, psixoloji, hüquqi, siyasi və mənəvi təbliğatın aparılmasıdır. O, Azərbaycanda heç zaman dini və məzhəb ayrı-seçkiliyinin müşahidə olunmadığını diqqətə çatdırıb. Dövlətin dinə qayğısından danışan M.Qurbanlı hazırda ölkəmizdə 2 mindən artıq məscidin fəaliyyət göstərdiyini bildirib.
M.Qurbanlı qeyd edib ki, hazırda dünyada İslam və digər dinlərdən başqa məqsədlər üçün istifadə edən radikal qüvvələr mövcuddur: "Həmin radikal qüvvələr xüsusilə gəncləri öz sıralarına cəlb etmək üçün çalışırlar. Bu cür təbliğatların qarşısının alınmasında maarifləndirmə tədbirlərinin keçirilməsi vacibdir".