Mübariz Qurbanlı nazir Saleh bin Əbdüləziz Al Əl-Şeyxlə görüşüb

Mübariz Qurbanlı nazir Saleh bin Əbdüləziz Al Əl-Şeyxlə görüşüb O, Səudiyyə Ərəbistanının Məhəmməd bin Nayif adına Reabilitasiya və Qayğı Mərkəzində də olub
Din
30 Oktyabr , 2017 16:49
Mübariz Qurbanlı nazir Saleh bin Əbdüləziz Al Əl-Şeyxlə görüşüb

Bakı. 30 oktyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində islam məsələləri, çağırış və irşad naziri şeyx Saleh bin Əbdüləziz Al Əl-Şeyxlə görüşüb.

Dövlət Komitəsinin Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında əlaqələrin səviyyəsindən məmnunluq ifadə olunub, iki qardaş ölkənin əlaqələrinin əsasının Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü ildə Səudiyyə Ərəbistanına səfəri zamanı qoyulduğu vurğulanıb.

Saleh bin Əbdüləziz Al Əl-Şeyx Azərbaycan və Səudiyyə Ərəbistanının qardaş xalqlar olduğunu bildirib, dövlət başçıları Salman bin Əbdüləziz və İlham Əliyevin rəhbərliyi altında iki ölkənin əməkdaşlığının daha da inkişaf edəcəyinə əminliyini ifadə edib. O həmçinin qardaş ölkələrimiz arasında qarşılıqlı səfərlərin vacibliyini qeyd edib.

Görüşdə Mübariz Qurbanlı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə danışıb. O, münaqişə nəticəsində erməni vandalları tərəfindən bir sıra maddi-mədəni irs nümunələrinin, ö cümlədən məscid və məbədlərin məhv edildiyini diqqətə çatdırıb. Komitə sədri münaqişə ilə bağlı qətiyyətli mövqeyinə və Ermənistanla diplomatik əlaqələr qurmaqdan imtina etdiyinə görə Səudiyyə Ərəbistanı Krallığının rəhbərliyinə və xalqına təşəkkürünü bildirib.

Azərbaycanın uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olduğunu, İslam dininin yayılmasında və eyni zamanda müsəlman intibahının bərqərar olmasında mühüm rol oynadığını vurğulayan M.Qurbanlı dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövründə Azərbaycanda cəmi 17 məscidin fəaliyyət göstərdiyini, hazırda onların sayının 2000-i ötüb keçdiyini və həmin məscidlərin 300-dən çoxunun tarixi-mədəni abidə kimi qorunduğunu qeyd edib. Dekabr ayında Prezident İlham Əliyevin himayəsi altında keçiriləcək beynəlxalq konfransda iştiraka dəvət məktubu nazirə təqdim olunub.

Səfər çərçivəsində Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Səudiyyə Ərəbistanının Məhəmməd bin Nayif adına Reabilitasiya və Qayğı Mərkəzində olub. 

Son xəbərlər

Orphus sistemi