Mübariz Qurbanlı: "Müxtəlif ölkələrdə İslamı parçalamaq üçün dini cərəyanlar yaradılıb"

Mübariz Qurbanlı: "Müxtəlif ölkələrdə İslamı parçalamaq üçün dini cərəyanlar yaradılıb" Bərdə şəhərində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda iki günlük regional konfrans başlayıb
Din
2 İyun , 2015 19:44
Mübariz Qurbanlı: Müxtəlif ölkələrdə İslamı parçalamaq üçün dini cərəyanlar yaradılıb

Bakı. 2 iyun. REPORT.AZ/ Bərdə şəhərində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda iki günlük regional konfrans başlayıb. "Report" xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Bərdə Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirdiyi konfransda Ağdam və Bərdə rayonlarında fəaliyyət göstərən dini icmaların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, xatirəsini ehtiramla yad ediblər.

Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev İslam dininin dəyərlərinin qorunması məqsədi ilə keçirilən maarifləndirmə tədbirinin əhəmiyyətini qeyd edərək, konfransın işinə uğurlar arzulayıb. Bildirib ki, xalqımız əsrlər boyu milli mənəvi və dini dəyərlərini, tolerantlıq mühitini qoruyub saxlayıb. Azərbaycan tolerant ölkədir və burada bütün dinlərin nümayəndələri azad, sülh, qarşılıqlı hörmət şəraitində yaşayırlar.

DQİDK sədri Mübariz Qurbanlı konfransda çıxış edərək ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətlərindən, Konstitusiyada təsbit edilmiş vicdan azadlığından, ölkəmizdə hökm sürən tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətlərindən danışıb. Bildirib ki, Azərbaycan dünyəvi, hüquqi və demokratik dövlətdir. Ölkəmizdə dövlət-din münasibətləri zəngin milli tarixi ənənəyə əsaslanır və beynəlxalq hüquqi normalarla tənzimlənir. Dövlət və din ayrı olsa da, dövlət dini himayə edir. Məscidlər, kilsə və sinaqoqlar inşa olunur və təmir edilir. Dini icmalara maddi yardımlar olunur.

Komitə sədri diqqəti dünyada din pərdəsi adı altında aparılan münaqişələrə çəkərək bildirib ki, müxtəlif ölkələrdə İslamı parçalamaq üçün dini cərəyanlar yaradılıb. İslamı siyasiləşdirərək, daxildə qarışıqlıq yaratmaqla, onun gözdən salınmasına, terrorla əlaqələndirilməsinə yönələn siyasət həyata keçirilir. Belə bir şəraitdə dini maarifləndirmə tədbirlərinə daha diqqətlə yanaşılmalıdır.

Milli Məclisin deputatları Gövhər BaxşəliyevaZahid Oruc, Qafqaz Müsəlmanları İdarəsi sədrinin Qarabağ bölgəsi üzrə səlahiyyətli nümayəndəsi hacı Ramazan Hüseynov çıxışlarında dövlət-din münasibətlərindən, ölkəmizin tolerantlıq ənənələrindən, xalqımızın bütün dinlərə və konfessiyalara dözümlü münasibətindən danışıblar. Bildirilib ki, ənənəvi İslam dəyərlərinin və tolerantlıq mühitinin qorunması, gənclərimizin dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirinə düşməməsi üçün cəmiyyətdə dini maariflənmə işləri lazımi səviyyədə aparılmalıdır. İslama, dinə müasir baxışlarla, elmi cəhətdən yanaşılmalıdır.

“Dini maarifləndirmə və milli mənəvi dəyərlərin təbliği” mövzusunda davam edən plenar iclasda “Dini radikalizm və onunla mübarizə üsulları”, “Zərərli dini cərəyanlar və onların təbliğat metodları” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.

Regional konfrans işini iyunun 3-də “Ənənəvi dini dəyərlərimiz və gənclik” mövzusunda plenar iclasla davam etdirəcək.

Konfransın ilk iş günü başa çatdıqdan sonra Komitə sədri M.Qurbanlı Bərdədəki İmamzadə kompleksində olub, “Cümə” məscidində dindarlarla görüşüb, məscidə kitablar hədiyyə edib.

Son xəbərlər

Orphus sistemi