Yuxarı
    Bağlamaq

    Mübariz Qurbanlı Komissiya sədri oldu

    DQİDK sədrinin yanında Dinşünaslıq üzrə Komissiyanın üzvləri təsdiqlənib

    Bakı. 19 dekabr. REPORT.AZ/ Bu gün Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin yanında Dinşünaslıq üzrə Komissiyanın yaradılması ilə bağlı növbəti iclas keçirilib. Bu barədə “Report”a komitənin mətbuat xidmətindən bildirilib.

    Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı qurumun fəaliyyətinin vacibliyindən danışaraq qeyd edib ki, Komissiya Əsasnaməsinə uyğun olaraq milli-mənəvi və dini dəyərlərin təbliği və təşviqi, eləcə də ölkədə tolerantlığın qorunub saxlanması istiqamətində önəmli işlər görə bilər. Eyni zamanda Komissiya üzvlərinin komitə əməkdaşları, mütəxəssis və dini icmalarla bərabər regionlarda dini maarifləndirmə yönündə tədbirlər həyata keçirməsi nəzərdə tutulur. Dini radikalizmə qarşı mübarizədə əsas hədəflərdən biri maarifləndirmə işinin aparılmasıdır ki, bunu da Komissiya və digər aidiyyəti qurumlar birgə həyata keçirəcəklər.

    Komissiyanın iclasında bildirilib ki, qeyd olunan məsələlərlə bağlı layihələrə Dövlət Komitəsi hərtərəfli dəstək verəcək. Həmçinin Komissiya üzvləri Dövlət Komitəsinin yerli və beynəlxalq səviyyədə təşkil etdiyi bütün konfranslarda fəal iştirak edəcəklər.

    Komissiya üzvləri qurumun yaradılmasının və fəaliyyətinin əhəmiyyətindən danışaraq bildiriblər ki, onlar ölkədə dini maarifləndirmə işinin aparılması, milli-mənəvi və dini dəyərlərin təbliği prosesinə öz töhfələrini verməyə hazırdırlar.

    İclasda Komissiyanın Əsasnaməsi müzakirə olunub. Təkliflər nəzərə alınmaqla Dövlət Komitəsinin sədri Komissiyanın Əsasnaməsini və üzvlərini təsdiq edib. Həmçinin Komissiyanın katibi təyin edilib.

    Komitədən “Report”a bildirilib ki, Komissiyanın sədri DQİDK sədri Mübariz Qurbanlı, katibi isə Nahid Məmmədov olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi