Yuxarı

Mübariz Qurbanlı: "İslam dini pərdəsi altında gənclərə qarşı yönəlmiş təxribatların, radikalizmin qarşısını alırıq"

Bu gün Avropada müxtəlif qruplar meydana gəlib və onlar İslam əleyhinə çağırışlar edirlər

Bakı. 16 aprel. REPORT.AZ/ "Bu gün Avropada müxtəlif qruplar meydana gəlib və onlar İslam əleyhinə çağırışlar edirlər".”Report” xəbər verir ki, bunu Dini Qurumlarla İşlər üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “İslam maarifçiliyi və müasir dövr” mövzusunda keçirilən beynəlxalq elmi konfransda bildirib.

Komitə sədri qeyd edib ki, belə qruplar arasında faşist ideologiyasının ardıcılları da ola bilər: "Amma onların arasında özünü elm adamı kimi təqdim edənlər də var. Ona görə də İslam maarifçiliyi böyük əhəmiyyət daşıyır. İslam maarifçiyində İslam ölkələri arasında koordinasiyanın yaradılmasına ehtiyac var. Bura elm, tədris mərkəzləri, QHT-lər cəlb edilməlidir. İslam dünyası ictimai-siyasi həyata təsir göstərir. Silahlı münaqişələr, digər problemlərin həlli üçün çağırışlar edilməsi vacibdir. Dünyadakı problemlərin həlli üçün bütün xalqların, din mənsublarının birləşməsi vacibdir”.


M. Qurbanlı əlavə edib ki, müasir dövrdə islam maarifçiliyinin özünəməxsus xüsusiyyətləri var: “İslam maarifçiliyi başqa dinlərin birgə yaşayışını Quranda olan və Peyğəmbərdən gələn prinsiplər üzərində təşviq və təbliğ edir. Bu Allahın elçisi olan Peyğəmbərin həyatında da özünü göstərir”.


Məzhəblərəarası münaqişələrin əslində, islamın problemi olmadığını deyən komitə sədri, bunun İslamın kimlərinsə əlində vasitəyə çevrilməsindən irəli gəldiyini vurğulayıb: “Bu da dini münaqişələr şəklində büruzə verir. Radikal qrupların fəaliyyəti islamı gözdən salmağa yönəlib. Xüsusən, Qərbdə islamafobiyanın yaramasına səbəb olur. İslamı yalnız radikalların simasında görüb onu elə təbliğ etmək istəyənlər islamafobiyaya rəvac verə bilərlər. Lakin elm aləmində İslamafobiya müşahidə olunmur. Çünki onlar onun mahiyyətini anlayırlar. Qərb alimləri islam dünyasının bilgilərini əxz edərək onları mənimsəmiş, öz universitetlərində tədris ediblər. Bu gün də onlar Avropada tədris olunur”.


O qeyd edib ki, Azərbaycan İslam siviliziyasının tərkib hissəsidir: "Eyni zamanda, Azərbaycan dini xürafata və geriliyə qarşı mübarziə aparan mayak rolunu oynayır. Azərbaycanın İslam maarifçiliyinin inkişafında rolu danılmazdır. Zaman-zaman alimlərimiz burada əsl İslamı təbliğ ediblər. Hazrıda ölkədə İslam dini pərdəsi altında gənclərə qarşı yönəlmiş təxribatların, radikalizmin qarşısı alınır. Azərbaycanda İslamşünaslıq elmi yeni inkişaf mərhələsinə daxil olub. Biz milli-mənəvi dəyərlərimizi qorumalı, eyni zamanda milli kadrlarımızı yetişdirməliyik. İslam dəyərlərinin təbliğində Azərbaycan alimlərinin, islamşünasların tədqiqatlarına böyük ehtiyac var”.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi