Yuxarı
    Bağlamaq

    ​Mübariz Qurbanlı: “Gənclərin xaricdə dini təhsil almaları qanunla tənzimlənməlidir”

    Dövlət Komitəsinin sədri Qum şəhərində bir sıra görüşlər keçirib

    Bakı. 6 may. REPORT.AZ/ İran İslam Respublikasında səfərdə olan Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qum şəhərinə gələrək Əl-Mustafa Beynəlxalq Universitetinin rektoru Əlirza Əarafi ilə görüşüb. Bu barədə “Report”a Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

    M.Qurbanlı deyib ki, gənclərin xaricdə dini təhsil almaları qanunla tənzimlənməlidir.

    Azərbaycanda da gənclərə dini təhsil verildiyini deyən M.Qurbanlı Bakıda İslam Universitetinin, Bakı Dövlət Universitetində ilahiyyat fakültəsinin fəaliyyəti barədə məlumat verib.

    Rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında danışan Ə.Əarafi deyib ki, Əl-Mustafa Universitetində 30 min tələbə təhsil alır. Universitet Avropanın ali təhsil ocaqları ilə yaxın əməkdaşlıq əlaqələrinə malikdir. Burada gənclər dini təhsillə yanaşı, dünyəvi elmləri də öyrənirlər. Müasir dünyada çox gərgin proseslərin baş verdiyini diqqətə çatdıran Ə.Əarafi qeyd edib ki, elmi və düşüncəsi zəif olan gənclər təbliğata uyaraq radikal dini qruplaşmalara qoşulurlar. Belə halların qarşısını qarşılıqlı əməkdaşlıqla və gənclərə səviyyəli elm öyrətməklə almaq olar.

    Görüşdə dini təhsillə bağlı İranda və Azərbaycanda fəaliyyət göstərən müvafiq təhsil müəssisələri arasında əlaqələrin yaradılması, tələbə və müəllim mübadiləsi haqqında müzakirələr aparılıb.

    Sonra M.Qurbanlı Əl-Mustafa Beynəlxalq Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb, onların problemləri ilə maraqlanıb, fikirlərini dinləyib və dini təhsillə bağlı Azərbaycanın qanunvericiliyi haqqında məlumat verib.

    Mübariz Qurbanlı Qum şəhərində İranın tanınmış din xadimi, islamşünas alim (müctəhid) Cəfər Sübhani ilə də görüşüb. Görüşdə İslam alimlərinin elmi düşüncələri (fətvaları), radikal dini cərəyanlarla ideoloji səviyyədə mübarizə metodları və digər məsələlər müzakirə edilib.

    Görüşdə Qafqaz Müsəlmanları İdarəsinin İrandakı nümayəndəsi Şamil Rəsulov da iştirak edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi