Mübariz Qurbanlı: "Dünyada dindən sui-istifadə halları geniş yayılıb"

Mübariz Qurbanlı: "Dünyada dindən sui-istifadə halları geniş yayılıb" DQİDK-də nəzarət markasının tətbiqi ilə bağlı görüş keçirilib
Din
22 Sentyabr , 2015 15:39
Mübariz Qurbanlı: Dünyada dindən sui-istifadə halları geniş yayılıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 9 iyun tarixli 191 nömrəli qərarı ilə təsdiq edilən "Nəzarət markasının forması, uçotu, istifadəsi və verilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə qərarı ilə bağlı nəşriyyat və mətbəə nümayəndələri ilə görüş keçirilib. Bu barədə "Report"a DQİDK-nin mətbuat xidmətindən məlumat verilib.

M.Qurbanlı bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra kitab, jurnal, qəzet nəşri geniş yayılıb, ümumiyyətlə, bu sahədə çox mühüm işlər görülüb və geniş rəqabət mühiti yaranıb: "Dini ədəbiyyatın nəşri ilə bağlı məsələlərdə müəyyən qaydalar var ki, onlar vicdan və dini etiqad azadlığı ilə əlaqəlidir. Bu gün bütün dünyada dindən sui-istifadə halları geniş yayılıb. Azərbaycanda dini etiqad azadlığından sui-istifadə hallarının qarşısını almaq üçün dövlət qabaqlayıcı tədbirlər görür və görməkdədir. Dövlət milli və ictimai təhlükəsizliyini qorumaq üçün dini ədəbiyyat üzərində müəyyən nəzarət həyata keçirir ki, bu, senzura deyil. Dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasət sadəcə radikal yönümlü fəaliyyətin, o cümlədən məzhəblərarası münasibətləri qızışdırmaq, Azərbaycanda konstitusion quruluşun əleyhinə bu və ya digər formada fəaliyyət göstərmək cəhdində olan dini pərdə altında gizlənən hər hansı qrupun qarşısını almaq üçündür. Azərbaycan dünyəvi dövlətdir və ölkəmizdə bütün dinlərin, o cümlədən ölkə əhalisinin mütləq əksəriyyətinin mənsub olduğu İslam dininin daha geniş şəkildə və düzgün öyrənilməsi qanunla tənzimlənir".

O, nəşriyyat və mətbəələrin üzərinə düşən vəzifələrdən danışıb, bu istiqamətdə proseslərin milli maraqlar çərçivəsində həll edilməli olduğunu bildirib.

Daha sonra DQİDK-nin  Dinşünaslıq ekspertizası şöbəsinin müdiri Nahid Məmmədov Nazirlər Kabinetinin müvafiq qərarından irəli gələn məsələlər, xüsusən də dini ədəbiyyatın nəşrində nəzarət markasının tətbiqi qaydaları barədə məlumat verib.

Komitənin Hüquq və qeydiyyat şöbəsinin müdiri vəzifəsini icra edən Bəhruz Müslümov müvafiq qərarın icrasının hüquqi tərəflərini, nəzarət markasının tətbiqinin hüquqi istiqamətləri, qanun pozuntusu baş verəcəyi halda bu sahədə qanunvericilikdə nəzərdə tutulmuş cərimələr, eləcə də İnzibati Xətalar Məcəlləsi ilə təsbit olunmuş hallarla bağlı nəşriyyat və mətbəə nümayəndələrini məlumatlandırıb.

Sonda görüş iştirakçılarının sualları cavablandırılıb. 

Son xəbərlər

Orphus sistemi