​Mübariz Qurbanlı: "Dövlət Komitəsinin bölgə şöbələri öz fəaliyyətlərini yaranan şəraitə uyğun qurmalıdırlar"

​Mübariz Qurbanlı: "Dövlət Komitəsinin bölgə şöbələri öz fəaliyyətlərini yaranan şəraitə uyğun qurmalıdırlar" Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində müşavirə keçirilib
Din
5 Aprel , 2016 19:57
​Mübariz Qurbanlı: Dövlət Komitəsinin bölgə şöbələri öz fəaliyyətlərini yaranan şəraitə uyğun qurmalıdırlar

Bakı. 5 aprel. REPORT.AZ/Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində cari ilin yanvar-mart aylarının yekunlarına həsr olunan müşavirə keçirilib. Müşavirədə Dövlət Komitəsinin mərkəzi Aparatının şöbələri ilə yanaşı, bölgə şöbə müdirləri də iştirak ediblər.

Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən bildirilib.

Tədbirdə əvvəlcə cəbhənin təmas xəttində gedən döyüşlərdə şəhid olan Azərbaycan hərbçilərinin, mülki vətəndaşlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı tədbiri giriş sözü ilə açaraq bildirib ki, son günlər Ermənistan Silahlı Qüvvələrinin bölmələrinin təxribatları nəticəsində qoşunların təmas xəttində gərginlik yaranıb. Bu təxribatların qarşısının alınması məqsədi ilə silahlı qüvvələrimizin komandanlığı tərəfindən həyata keçirilən cavab tədbirləri nəticəsində ordumuz əhəmiyyətli irəliləyiş əldə edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev baş verənlərlə əlaqədar Təhlükəsizlik Şurasının iclasında ölkəmizin müdafiəsinin və əzəli torpaqlarını işğaldan azad etməsinin xalqımızın haqqı olduğunu qeyd edib və buna etinasız yanaşan düşmənin layiqli cavab alacağını bildirib.

Mübariz Qurbanlı qeyd edib ki, davam edən müharibə şəraitində Dövlət Komitəsinin bölgə şöbələri öz fəaliyyətlərini yaranan şəraitə uyğun qurmalıdırlar. Bölgə şöbə müdirləri və əməkdaşları, eyni zamanda dini icma üzvləri əhali ilə sıx təmasda olmalı, şəhidlərimizin dəfn mərasimində iştirak etməlidirlər.

Komitə sədri Azərbaycan əleyhinə ermənilərin güclü təbliğat apardıqlarını, yalan informasiyalar yaydıqlarını vurğulayıb. Bu məlumatlar bölgələrdə bizim əleyhimizə istifadə oluna bilər. Ona görə də belə məsələlərə yüksək həssaslıqla yanaşmaq lazımdır.

Daha sonra müşavirədə cari ilin yanvar-mart aylarında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən yerlərdə dini radikalizmə qarşı keçirilən maarifləndirmə tədbirləri müzakirə edilib.

DQİDK-nın Dini qurumlarla iş üzrə şöbəsinin müdiri Əliheydər Zülfüqarov 3 ay ərzində bölgələrdə dini radikalizmlə mübarizə mövzusunda keçirilən tədbirlər haqqında geniş məlumat verib. O deyib ki, radikalizm ideyalarının yayılmasına qarşı Dövlət Komitəsi tərəfindən həyata keçirilən maarifləndirmə tədbirləri öz bəhrəsini verməkdədir. Davamlı olaraq respublikamızın bütün şəhər və rayonlarında milli-mənəvi və dini dəyərlərimizin, həmçinin, Azərbaycanın tolerantlıq ənənələrinin təbliği və təşviqi üçün çox böyük işlər görülür.

Daha sonra müşavirədə bölgə şöbə müdirlərinin yanvar-mart ayı üzrə hesabatları dinlənilib. DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov, Sumqayıt bölgəsi üzrə şöbəsinin müdiri Şirin Cəfərov, Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev, Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri Mehman İsmayılov, Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov, Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Asif Əliyev, Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Eldəniz Vəliyev, Şəki bölgəsi üzrə şöbəsinin müdiri Gündüz Paşayev, Yevlax bölgəsi üzrə şöbəsinin müdiri Natiq Əfəndiyev, Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Şamaxı bölgəsi üzrə şöbəsinin müdiri Rəhim Rəhimli, Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Azər Sadıqov, İmişli bölgəsi üzrə şöbəsinin müdiri Cavanşir Bəhrəmov, Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov çıxış edərək bölgələrdə mövcud dini durum, həyata keçirilən dini maarifçilik işləri, eləcə də dini radikalizmlə mübarizə tədbirləri barədə ətraflı məlumat veriblər.

Cari məsələlərin müzakirəsindən sonra Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxış edərək maarifləndirmə məqsədi ilə keçirilən silsilə tədbirlərin davam etdirilməsinin zəruriliyini qeyd edib. Bu cür tədbirlərin keçirilməsinin milli-mənəvi dəyərlərin təbliğini gücləndirdiyini, eyni zamanda radikal qruplara qarşı ideoloji sədd yaratmış olduğunu bildirən Komitə sədri müvafiq tapşırıq və tövsiyələrini verib.

Son xəbərlər

Orphus sistemi