Yuxarı

​Mübariz Qurbanlı: "Azərbaycanda milli, etnik, dini nifrət yox dərəcəsindədir"

Qaradağ rayonunda “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans keçirilib

Bakı. 11 fevral. REPORT.AZ/ Bu gün Bakı şəhəri Qaradağ rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qaradağ Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Multikultural və tolerant dəyərlərimiz: tarixilik, varislik, müasirlik” mövzusunda konfrans keçirilib.

Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən bildirilib.

Konfransda hüquq mühafizə orqanlarının nümayəndələri, dini icmaların rəhbərləri, din xadimləri, ictimaiyyət nümayəndələri, ziyalılar və gənclər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov aktual və çox ciddi mövzuya həsr olunmuş konfransın əhəmiyyətindən danışaraq, ölkəmizdə multikultural mühitin dərin tarixi köklərə malik olduğunu bildirib.

DQİDK-nın sədri Mübariz Qurbanlı mövzu ilə bağlı çıxış edərək, Azərbaycanda hökm sürən multikultural və tolerant mühitin əsasında Azərbaycançılıq ideologiyasının dayandığını bildirib.

Mübariz Qurbanlı onu da vurğulayıb ki, dini və milli mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşlar qanun qarşısında bərabərdirlər.

Dövlət Komitəsi sədrinin sözlərinə görə, məhz etnik-mədəni müxtəlifliklər arasındakı münasibətlərin düzgün tənzimlənməsi işində respublikamızın spesifik sülhsevər siyasətinin nəticəsidir ki, bu gün heç kim, hətta bizə ikili standartlar prizmasından yanaşmağı ənənəyə çevirmiş ölkələr də Azərbaycanda multikultural mühitin mövcudluğunu nəinki inkar edə bilmir, hətta bu sosial münasibət və dövlət siyasətinin dünya üçün nümunə olduğunu təsdiqləyirlər.

Mübariz Qurbanlı deyib ki, Azərbaycanda milli, etnik, dini nifrət yox dərəcəsindədir: "Bu, bizim nailiyyətimizdir ki, Azərbaycan xalqı digər millətlərlə, xalqlarla düşmənçilik hissi ilə yaşamır".

Daha sonra konfrans işini rayon gənclərinin iştirakı ilə panel formatında davam etdirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi