Yuxarı
    Bağlamaq

    ​Mübariz Qurbanlı: "Azərbaycanda heç kim dini baxışına, inancına görə təqib olunmayıb"

    “Milli mənəvi dəyərlərimiz: varislik və müasirlik” mövzusunda növbəti toplantı keçirilib

    Bakı. 2 aprel. REPORT.AZ/ Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi "Milli mənəvi dəyərlərimiz: varislik və müasirlik” mövzusunda birgə toplantı keçirilib.

    Komitədən "Report"a verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd mənəvi dəyərlərimizin qorunub saxlanılması və inkişaf etdirilməsi, milli sərvətimiz olan mənəvi dəyərlərimizin istifadəsini, bəşəri dəyərlərin tərkib hissəsi kimi inkişafını və inteqrasiyasını təmin etmək və gələcək nəsillərə daha da zənginləşdirilmiş halda ötürmək olub.

    Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov tədbiri açaraq ölkəmizdə milli mənəvi dəyərlərin qorunması və inkişafı istiqamətində görülən işlərin önəmindən danışıb. O, belə tədbirlərin mütəmadi olaraq keçirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb.

    DQİDK-nın sədri Mübariz Qurbanlı Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda gedən dinamik inkişaf proseslərinin bütün sahələrə müsbət təsir göstərməsi ilə yanaşı, milli-mənəvi dəyərlərin qorunması üçün də geniş imkanlar açdığını söyləyib. O bildirib ki, Azərbaycanda milli mənəvi dəyərlər həmişə diqqət mərkəzində olub: "Bütün dinlərə hörmət göstərilir, qarşılıqlı münasibətlər yüksək səviyyədədir. Milli mənəvi dəyərlərin tərkib hissəsi olan islami dəyərlərə xüsusilə hörmətlə yanaşılıb. Azərbaycanda İslam dininin aparıcı din olması rəsmi şəkildə təsbit olunmur. Lakin biz İslam dininin dəyərlərini daim qorumuşuq".

    M.Qurbanlı ölkədə dövlət-din münasibətlərindən danışaraq qeyd edib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xalqın milli mənəvi dəyərlərinə qayıdış sürətlənib. O, ümummilli lider Heydər Əliyevin bu istiqamətdə mühüm xidmətlərini qeyd edib və hazırda Prezident İlham Əliyevin milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində həyata keçirdiyi işlərdən danışıb.

    Komitə sədri deyib ki, Azərbaycanda İslam dini ilə yanaşı, digər dinlərin nümayəndələri də fəaliyyət göstərir və onlara heç bir maneə yoxdur: Bu, Azərbaycan Konstitusiyasında da təsbit olunub. Ölkədə heç kim heç vaxt dini baxışına, inancına görə təqib olunmayıb və sıxışdırılmayıb. Müxtəlif sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşən Azərbaycan bütün dünyaya tolerantlıq nümunəsidir. Azərbaycan mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa mühüm töhfə verir, ölkəmizdə multikultural mühit hökm sürür".

    M.Qurbanlı əlavə edib ki, insanlar arasında ayrı-seçkilik və onların sıxışdırılması təhlükəli nəticələrə gətirib çıxara bilər: "Həyat göstərir ki, insanlar mütləq bir araya gəlməlidirlər, sülh, dostluq şəraitində yaşamalıdırlar. Ayrı-ayrı dinlər, mədəniyyətlər arasında qarşıdurma bəşəriyyət üçün təhlükə yarada bilər. Azərbaycanda insanlar digər dinlər və mədəniyyətlərdən bəhrələnsələr də, adət-ənənələrini və İslam dininin dəyərlərinə sadiqliyini dəyişməyiblər".

    Sonda tədbirdə iştirak edən gənclərin sualları cavablandırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi