Yuxarı

Mübariz Qurbanlı AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri ilə görüşüb

Görüşdə ölkədəki dini vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb

Bakı. 16 iyun. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Sezar Florin Preda və Stefan Şennakla görüşüb.

Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən bildirilib.

Komitə sədri Avropa Şurası ilə Azərbaycan arasında sıx əlaqələrin mövcud olduğunu, Avropa Şurasının Azərbaycan qarşısına qoyduğu öhdəliklərin yerinə yetirildiyini və Azərbaycanın bu qurumun fəal üzvlərindən biri olduğunu deyib.

AŞPA Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak Avropa Şurası ilə Azərbaycan arasında mövcud əməkdaşlığa toxunaraq bu əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycanın dini məsələlərlə bağlı tolerant ölkə olduğunu deyən qonaq buna əyani şahid olduqlarını da bildirib.

Görüşdə ölkədəki dini vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb və qonaqları maraqlandıran suallar cavablandırılıb.

Mübariz Qurbanlı ölkədəki dini durum barədə ətraflı məlumat verərək bildirib ki, Azərbaycanda dövlət-din münasibətləri Konstitusiya və "Dini etiqad azadlığı haqqında" qanunla tənzimlənir və dini etiqad azadlığı təminat altındadır. Bu gün Azərbaycanın tolerantlıq və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biri olduğunu deyən Mübariz Qurbanlı adıçəkilən dəyərlərin dövlət səviyyəsində qorunduğunu diqqətə çatdırıb. O bildirib ki, Azərbaycanda dini durum sabitdir, müxtəlif konfessiyalar sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərirlər. Azərbaycanda din və məzhəb ayrı-seçkiliyinə yol verilmədən insanların dini ibadətlərini sərbəst həyata keçirdiklərini bildirən Komitə sədri ölkədə məscid, sinaqoq və kilsələrin insanların ixtiyarına verildiyini və ibadət evlərinin bir qisminin təmir və bərpasının Azərbaycan hökuməti hesabına həyata keçirildiyini deyib. M.Qurbanlı bildirib ki, bu gün Azərbaycanda 13 kilsə (pravoslav, Alban-Udi və katolik), 7 sinaqoq, 4 gürcü kilsəsi fəaliyyət göstərir, hətta Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə baxmayaraq, bu gün də Bakıda qorunub saxlanılan erməni kilsəsi mövcuddur.

Dövlət Komitəsinin sədri dini radikalizm və ekstremizm sahəsində dövlət tərəfindən aparılan qabaqlayıcı tədbirlər və mübarizə üsulları barədə də qonaqlara ətraflı məlumat verib.

Digər həmməruzəçi Sezar Florin Preda da öz növbəsində Azərbaycandakı dini vəziyyətin normal olduğunu qeyd edərək, dövlət-din münasibətləri, konfessiyalararası münasibətlərin vəziyyəti, qeyri-hökumət təşkilatları ilə əlaqələr və digər maraq doğuran məsələlər barədə fikirlərini bildirib.

Görüşün sonunda Mübariz Qurbanlı ingilis və Azərbaycan dillərində nəşr olunmuş “Azərbaycanın seçilmiş İslam abidələri” kitabını qonaqlara təqdim edib.

Görüşdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, AŞPA Monitorinq Komitəsinin katibi Delfin Freyman, Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviç və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəsmi şəxsləri iştirak ediblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi